Kokpit.az xatırladır ki, avstraliyalı sürücü bu il keçirilən 9 yarışın 5-də qlaib gəlib və çempionatda hazrıda liderdir. O, ən yaxın izləyicisi olan Lando Norrisi 10 xal qabaqlayır.
İndiyə kimi heç bir avstraliyalı sürücü bir Formula 1 mövsümündə 5-dən çox yarış qazanmayıb. Hazırda Piastri bu statistikada Ser Cek Brebhem və Alan Cons ilə bərabərdir. 24 yaşlı pilot əgər bu həftəsonu Kanadada qalib gələrsə, bir mövsümdə 6 yarış qazanmış ilk avstraliyalı pilot olacaq və rekordu əlinə keçirəcək.
Lakin onu da qeyd edək ki, Cek Brebhem və Alan Cons beş qələbə qazandıqları mövsümdə Dünya Çempionu titulunu əldə ediblər.
Oskar Piastri: “Bu statistika xoş təəssüratdır, lakin mən onlara Dünya Çempionu kimi çatmağı üstün tuturam, çünki mövsümə əla başladıq. Doqquz yarışda beş qələbə… Hətta rəqabətədavamlı bir avtomobillə belə gözlədiyimdən çox oldu. Mövsüm ərzində bəzi anlar oldu ki, onları yenidən yaşamaq istərdim, amma ümumilikdə mən özümlə və komandanın gördüyü işlə fəxr edirəm.
Belə rekordlar gözəl olsa da, mən buraya rekordlar üçün gəlməmişən. Məqsədim daha çox yarış qazanmaq və Dünya Çempionu titulu uğrunda mübarizə aparmaqdır. Ümid edirəm ki, gələcəkdə daha da gözəl statistikalar barədə danışarıq”.
Oskar Piastri sonda Kanada Qran Prisi barədə də danışıb: “Bu həftəsonunun mənim üçün yaxşı keçəcəyini gözləyirəm. Ötən illə müqayisədə çox inkişaf etmişəm. Keçən il Kanadada pis çıxış etmədim, amma qəribədir ki, keçən mövsüm pis olan yarışlar bu il çox yaxşı keçdi.
Kanadada yaxşı həftəsonu gözləyirəm. Bu trası sevirəm və burada səhv etmədən dövrə vurmaq həqiqətən çətindir. Bütün il boyu avtomobildə özümü çox rahat hiss etmişəm, indi yüksək formadayam, buna görə də güclü yarışımız olacağını düşünürəm”.
Şərh əlavə et