Kokpit.az xatırladır ki, niderlandlı sürücü Barselona yarışının sonlarında rəqibi Corc Rassellə təmas yaşamış və buna görə də stüardlar onun lisenziyasına 3 cərimə balı yazmışdılar. Bununla da Maksın son 1 ildəki cərimə balları 11-ə yüksəlib. Bu isə o deməkdir ki, iyunun 30-a qədər Maks daha 1 cərimə balı alsa, o bir yarışı buraxmalı olacaq.
Maks Ferstappen: “Yarış tərzimi dəyişdirməyəcəm. Özümə inanıram. Niyə dəyişim? Səkkiz xalda idim, indi isə 11 oldum. Amma mənim yarışmaq tərzim belədir. Geri çəkilə bilmərəm. Yarışaram. Necə lazımdırsa, elə də yarışacağam.
Sürücülərə verilən cəza xallarının ədalətli olub-olmadığını deyə bilmərəm. Amma həyatın özü ədalətli deyil. Mən bura yarışmaq üçün gəlmişəm. Sərt yarışıram. Nəyi düzgün bilirəmsə, elə də yarışıram. Sonra da növbəti yarışa keçərəm.
İspaniya yarışının sonu bizim üçün çox əsbpozucu idi. Əslində yaxşı yarışmışdıq və strategiyamız doğru idi. McLAren-ə bir az təzyiq qurduq, amma sonra olanlar oldu”.
Red Bull komandası İspaniya yarışında Maks Ferstappenə radiodan “yerini Corc Rassellə geri ver” mesajı göndərmişdi. Dördqat Dünya Çempionu bu barədə belə danışıb: “O anda yeri geri verməli olduğumuzu düşünmürdüm və o tələbi aldım. Onsuz da o anda çox əsəbi idim”.
Maks Ferstappen rəqibi Corc Rassellə olan təmasından danışıb və səhvini açıq formada qəbul edib: “Döngədə dəyərləndirməni səhv etdim. Amma hamı səhv edə bilər və hamı bunlardan bir şey öyrənər. Biz də elə edəcəyik və öz işimizlə məşğul olacağıq. Gələcəkdə belə hallara daha yaxşı nəzarət etməyə çalışacağıq”.
Sonda Maks Ferstappen bu həftəsonu keçiriləcək Kanada Qran Prisi barədə belə danışıb: “Keçən il Mercedes burada çox güclü idi. Bu il də rəqabətədavamlı olacaqlar. Əgər Ferrari və Mercedes ilə podium uğrunda mübarizə apara bilsək, bu yaxşı nəticə olar. McLaren-in bizdən daha sürətli olduğunu bilirik. Onlarla yox, digər komandalarla mübarizəyə köklənməliyik”.
Qeyd edək ki, Maks Ferstappen 2022-2024-cü illərdə Kanada Qran Prisinin qalibi olub. O, Monrealda ardıcıl dördüncü qələbəsini qazanmaq üçün əlindən gələni edəcək, amma bu hazırda çox çətin görünür.
Ən sonda dördqat Dünya Çempionu cəza alma ehtimalından belə danışıb: “Diskvalifikasiya olunmaq kimi bir niyyətim yoxdur. Bu barədə düşünmürəm. Bəlkə siz bu barədə düşünə bilərsiniz, amma mən düşünmürəm. Rəqiblərim də düşünür, ancaq mən bununla maraqlanmıram. Mən öz tərzimlə yarışıram”.
Şərh əlavə et