Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də aləm bir-birinə dəyib?

Mövsümə yaxşı başlamayan Ferrari komandasında böyük dəyişikliklər ola bilər.

Ferrari komandası texniki heyətini gücləndirmək üçün mühəndis axtarışındadır, amma iddialara görə Maranelloya dəvət olunan mühəndislər təklifləri rədd edirlər. Bu da “qırmızılar”ın hazırkı sistemində ciddi problemlərin olduğunu göstərir.

Komanda hazırda SF-25 üçün inkişafı dayandırəb və 2026-cı il maşını olan “678” kodlu layihə üzərində işləyir. Ferrari-nin 678 kodlu 2026-cı il maşını tamamilə yeni texniki reqlamentə görə təkmilləşdiriləcək. Şassi, güc qurğusu, aerodinamika və təkərlər tamamilə dəyişəcək və Formula 1-də 50 faiz elektrik, 50 faiz daxiliyanma hibrid güc qurğusundan istifadə edilməyə başlanacaq.

Bu prosesdə Mercedes-in bir addım öndə olduğu iddia edilir. Ferrari komandası isə 2014-cü ildəki yeni motor reqlamentində olduğu kimi rəqiblərindən geridə qala bilər.

Ferrari-nin prezidenti Con Elkan və idarə heyətinin rəhbəri Benedetto Vinya Ferrari komandasının rəhbəti Frederik Vassyörə inanırdı. Hədəf 2025-ci ildə altlıq effektli maşınlatla Dünya Çempionluğu qazanaraq, F1-in yeni dövrünə güclü başlamaq idi. Lakin SF-25 gözləntiləri qarşılamadı. Maşın SF-24-dən tamamilə fərqli dizayna malik olsa da, çox geridə qaldı. McLaren hazırda “qırmızılar”dan hər dövrə başına 0.4 saniyə saniyə sürətlidir və bu fərqin mövsümün sonuna qədər bağlanması real görünmür.

Komandanın texniki direktoru Loik Serra Mercedes komandasından transfer olunsa da, bu vəzifəni ilk dəfə icra edir. Əksəriyyət onu komandaya liderlik edə bilmədiyinə görə sərt formada tənqid edir. Komanda daxilindən gələn məlumatlara görə Barselonadakı pis nəticədən sonra rəhbərlik yeniliklər tələb edib, amma bu tələblər qarşılıqsız qalıb.

Bundan başqa Frederik Vassyörün müqaviləsi ilin sonunda başa çatır və yeni müqavilə hələ də danışıqlara başlanmayıb. Mattia Binotto da vəzifəsindən getməmişdən əvvəl belə hallar yaşanmışdı. Artıq komandanın əfsanəvi sürücüsü Lyuis Həmilton da açıq formada bildirib ki, onlar 2025-ci ildə inkişafı dayandırmalı və 2026-cı ilə fokuslanmalıdırlar.

Digər tərəfdən isə Kristian Hornerin Ferrari-yə gələcəyi ilə bağlı iddialar artıb. Ancaq Red Bull tərəfi bu iddiaları təkzib edib. Bəs Ferrari-nin rəhbəri kim olacaq?

Ən güclü namizəd isə hazırda dözümlülük seriyasında Ferrari komandasının rəhbəri Antonello Kolettadır. O, WEC-də iki dəfə Le Man 24 Saatın qalibi olub. Koletta daha əvvəl Formula 1 komandasına rəhbər olmaq təklifini rədd etmişdi. Ancaq Ferrari bu il dözümlülük çempionatında qalib olsa, rəhbərlik böyük ehtimalla ona yenə təklif göndərəcək.

Rauf Hacıyev

Şərh əlavə et