Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell Maksın hərəkətinə təəccüblənib

Merdedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Maks Ferstappenin günahını qəbul etməsinə təəccüblənib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Barselona yarışının sonlarında rəqibi Corc Rassellə təmas yaşamış və buna görə də stüardlar onun lisenziyasına 3 cərimə balı yazmışdılar. Bununla da Maksın son 1 ildəki cərimə balları 11-ə yüksəlib. Bu isə o deməkdir ki, iyunun 30-a qədər Maks daha 1 cərimə balı alsa, o bir yarışı buraxmalı olacaq.

Maks Ferstappen yarışdan sonra sosial şəbəkə üzərindən bunu yazmışdı: “Barselonada strategiyamız yaxşı idi, amma təhlükəsizlik maşınından sonra təkər seçimi və o həmlə məni məyus etdi. Bu da pis hərəkətə yol açdı. Komanda üçün hər şeyimi verirəm. Emosialar bəzən gərgin ola bilər.

Corc Rassell bu barədə bunları demişdi: “Məsuliyyəti öz üzərinə götürməsi məni bir az təəccübləndirdi, çünki buna öyrəşməmişik. Əslində bir neçə gün əvvəl hava limanında rastlaşdıq, amma bu barədə danışmadıq. Ailəsi və dünyaya yeni gələn uşağı ilə bir yerdə idi. Uşağının kolyaskasını təhlükəsizlik yoxlanışından keçirməyə çalışırdı”.

Britaniyalı pilot bildirib ki, təmasa görə mübarizəni dayandırsaydı, başqa cür düşünərdi: “Mübarizəni dayandırsaydım, çox fərqli hiss edərdim. Yekunda onun həmləsi mənim xeyrimə oldu və ona zərər verdi. Təşəkkür belə edirəm”.

Corc yarışdan sonra Maksın qəsdən vurduğunu düşünsə də, indi fikrini dəyişib: “Qəsdən vurduğuna inanmaq istəmirəm. Bu dəlilik olardı. Məncə, qorxutmaq istədi, ancaq pis oldu. Cəza məncə, yerində idi. Bundan artığı ağır olardı. Təbii ki, bunun qəsdən olub-olmadığını bilmirəm”.

Rassell sonda Maksın cəza xalları barədə bunları deyib: “Onu tanıyıramsa, indi daha da aqressiv sürəcək və evdə bir həftəsonu istirahət ermək üçün cəza almağa çalışacaq. Ümid edirəm ki, elə olar”.

Rauf Hacıyev

Şərh əlavə et