Xəbəri Kokpitdə Oxuyun!

Kanadada Maks və Williams yaxşı başlayıb.

Kanada Qran Prisinin birinci sərbəst yürüşlərində Maks Ferstappen hamıdan sürətli olub.

Kokpit.az bildirir ki, Monrealdakı birinci sərbəst yürüşlər 16 dərəcə hava, 40 dərəcə asfalt temperaturu ilə başlayıb.

Yaşıl işıqların yanması ilə sürücülər vaxt itirmədən trasa çıxıblar. Bir neçə dəqiqədən sonra Franko Kolapinto yerində fırlanaraq, qısa müddətlik sarı bayraqların çıxmasına səbəb olub. Lakin argentinalı sürücü yoluna davam edə bilib.

Sessiyanın il 10 dəqidəsindən sonra Maks Ferstappen 1.14.478 zaman nəticəsi ilə zirvəyə oturub. Bir neçə dəqiqədən sonra isə Şarl Lekler bu nəticəni 0.420 saniyə yaxşılaşdıraraq, liderliyi ələ keçirib. Lakin monakolu sürücü bundan qısa müddət sonra dördüncü döngənin çıxışında qəza edərək, qırmızı bayraqlara səbəb olub.

On dəqiqəlik fasilədən sonra sessiya yenidən başlayıb. Bu anda Corc Rassell trasdan çıxsa da, geri qayıda bilib.

Sessiyanın yarısı geri qalan zaman Corc Rassell 1.13.535 zaman nəticəsi ilə birinci yerə yüksəlib. Lakin bir neçə dəqiqə sonra Maks Ferstappen 1.13.193 zaman nəticəsi göstərərək, yenidən birinciliyi ələ keçirib. Bu anda Lando Norris qaydaları pozudğu üçün stüardlar tərəfindən qeyd edilib.

Beləliklə 1 saatlıq sessiyadan sonra birinci yeri Maks Ferstappen tutub. Onu Williams komandasının sürücüləri Aleks Elbon və Karlos Sayns izləyiblər. Beşliyi isə Corc Rassell və Lyuis Həmilton bağlayıblar.

Həftəsonunun ən böyük favoritləri olan McLaren komandasının sürücüləri isə gözləntiləri qarşılaya bilməyiblər – Lando Norris 7-ci, Oskar Piastri isə 11-ci yerləri tutublar.

 

Rauf Hacıyev

Şərh əlavə et