Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Stroll Kanadada yarışacaq

Aston Martin komandasının sürücüsü Ləns Stroll əlindəki zədəni sağaltdıqdan sonra Kanada Qran Prisində AMR25-in sükanı arxasına keçəcək.

Kokpit.az xatırladır ki, kanadalı sürücü İspaniyada sıralanma turundan sonra ağrılarının artmasına görə yarışa çıxmamış və əməliyyat olunmuşdu.

Ağrıların səbəbi isə Lənsin 2023-cü ildə velosiped qəzası keçirməsi idi. 26 yaşlı pilot əməliyyat olunduqdan sonra Pol Rikar trasında köhnə nəsil Formula 1 maşını ilə test edib və tibbi müayinədən keçib. Bundan sonda onun yarışa hazır olduğu təsdiqlənib.

Aston Martin çərşənbə günü verdiyi açıqlamada bunları deyib: “Ləns Strollun bu həftəsonu Monrealda yenidən komandaya qayıtmasını məmnuniyyətlə bildiririk. Son dövrlərdəki şikayətlərini həll etmək üçün yaxşı əməliyyat keçirdi və bu həftənin əvvəlində köhnə Formula 1 maşını ilə Pol Rikarda bir neçə dövrə vurdu. Ləns özünü sağlam və formada hiss edir. Öz vətənində yarışacağı üçün çox həyəcanlıdır”.

Ləns Stroll isə bu barədə bunları deyib: “Bu həftəsonu vətənimdə, Monrealda komanda ilə sükan arxasına keçəcəyim üçün çox həyəcanlıyam.

Kanadada azarkeşlərin önündə yarışmaq üçün həmişə əlimdən gələni edəcəkdim. Əməliyyatdam sonra özümü yaxşı hiss edirdim və Pol Rikardakı bir neçə sürətli dövrə ilə hazırlığımı tamamladım”.

Ancaq bəzi iddilara görə kanadalı sürücü sıralanma turundan sonra boksda bəzi avadanlıqlara zərər verib və bəzi mexanikləri təhqir edib.

Aston Martin komandasının tras əməliyyatları üzrə direktoru Mayk Krak bu dedi-qoduları təkzib etmişdi: “2023-cü ildə Lənsin keçirdiyi velosiped qəzasını hamı xatırlayar. O vaxt ciddi ağrısı var idi və əməliyyat keçirmişdi.

Son həftələrdə tez-tez ağrılardan danışırdı. Ancaq vəziyyəti pisləşdi. Mübarizəçi adam olduğu üçün yaşadığı ağrını həm bizə, həm də həkimlərə bəlli etməyib. Yarışdan əvvəl isə lap pis həddə çatdı. O dəqiqə hərtərəfli yoxlanışdan keçdi və yarışmamasına qərar verdik.

2023-cü ildə onun nə qədər dözümlü olduğunu görmüşdük. İndi də o vaxtkı kimi yarışmaq üçün əlindən gələni etdi.

İnsanların onun sədaqətini ittiham etməsinə həmişə gülürəm. Yarışmağı çox sevir və sıralanma turundan sonra ağrıyaraq gəlib, özümü yoxlatdırmalıyam deməsi belə sürücülərin necə çətinliklə mübarizə aparmasını göstərir”.

Rauf Hacıyev

Şərh əlavə et