Xəbəri Kokpitdə Oxuyun!

Formula 1 böyük təqdimat tədbiri etməyəcək

Formula 1 rəhbərliyi 2026-cı ildə builki kimi mövsüm açılışı tədbiri keçirməyəcək.

Kokpit.az xatırladır ki, Formula 1 rəhbərliyi bu mövsümün əvvəlində F1-in 75-ci ildiönümü şərəfinə böyük tədbir keçirmiş və bütün komandalar 2025-ci il bolidlərini bu tədbirdə təqdim etmişdilər. Tədbirin biletləri demək olar ki, satışa çıxan kimi bitmişdi və fərqli platformalarda tədbiri 7.5 milyon adam izləmişdi.

Ancaq Britaniya mətbuatı bildirib ki, Formula 1-in kommersiya işlərinə baxan FOM komandalar və digər səhmdarlarla müzakirələr apardıqdan sonra 2026-cı ildə belə tədbir keçirməməyə qərar verib.

Bu qərarın alınmasında ən vacib səbəblərdən biri bu tədbirin idmanın 75-ci ildönümünə həsr olunmasıdır. Digər vacib səbəb isə 2026-cı ildə başlayacaq yeni texniki reqlamentdir.

Bütün komandalar tamamilə yeni maşınlar və güc qurğuları ilə mövsümə başlayacaqlar. Buna görə də Barselona və Bəhreyndə üçgünlük mövsümöncəsi testlərin keçirilməsi planlaşdırılır. Bu isə o deməkdir ki, gələn il komandalar bu ilə nisbətən daha çox test günü keçirəcəklər.

Buna görə də 2026-cı ildə böyük tədbir keçirilsə, bu komandalar üçün diqqət dağıdan ünsür ola bilər. Bundan başqa əksər komandalar 2026-cı il üçün sponsorluq müqavilələrini dəqiqləşdirməyiblər. Buna görə də tədbirin dəqiq vaxtını təyin etmək çətindir.

Bu səbəblərə görə FOM komandalarla apardığı müzakirələrdən sonra gələn il 2025-ci ildəki kimi təqdimarı təkrarlamamaq qərarına gəlib. Lakin növbəti mövsümlərdə belə tədbirlər yenidən keçirilə bilər.

Rauf Hacıyev

Şərh əlavə et