Kokpit.az bildirir ki, amerikan komandası Kanadada 200-cü Qran Prisinə çıxacaq. Haas bu Qran Prinin şərəfinə Formula 1-dəki ilk yarışları olan 2016-cı il Avstraliya Qran Prisindəki rəng çalarına bənzər qırmızı-boz rəng çalarından istifadə edəcək.
VF-25 Kanadada ağ rəngin əvəzində tünd boz rəngdən istifadə edəcək. Buna komandanın qırmızı loqotipi də qoşulacaq. Bundan başqa sürücülərin nömrələri – Esteban Okonun 31-i və Oliver Bermanın 87-i – 2016-cı ildəki şriftlərlə yazılacaq. Ön qanaddakı diqqəti cəlb edən məqam isə komandanın bütün üzvlərinin adlarının yazılmasıdır.
Haas komandası son dövrlərdə işçi qüvvəsini artırıb. Hazırda komandada 400-dən çox adam işləyir və peletondakı ən kiçik kollektivlərdən biridirlər. Lakin amerikan təmsilçisi mühəndislər transfer edərək, heyətini böyütməyi hədəfləyir.
Komandanın rəhbəri Ayao Komatsu yanvar ayında bildirmişdi ki, yeni bir ofis açmağı və bazalarını böyütməyi planlaşdırırlar. Yeni simulyator quraraq, Ferrari-nin simulyatoruna olan asılılığı azaltmağı düşünürlər.
2025-ci il mövsümü Haas üçün elə də yaxşı getmir. VF-25 orta və yüksək sürətli döngələrdə dalğalanma problemi yaşayır və bu da maşının performansına təsir edir. Bundan başqa maşın maksimum sürətinə görə keçənilki maşından geridə qalır.
VF-25-də hədəf aerodinamik yükü artırmaq idi. Plana görə maşın sürətli döngələrdə daha güclü olmalı idi, ancaq təcrübədə bu plan uğurlu olmadı.
Monreal trası quruluşuna görə Haas-ın zəif nöqtələrini bağlaya bilər. Buna görə də amerikan təmsilçisi 200-cü yarışına yaraşan performans göstərərək, yarışdan gözəl xallarla qayıtmaq istəyir.
Şərh əlavə et