Kokpit.az bildirir ki, 2026-cı il üçün transfer dedi-qoduları indidən başlayıb. Çıxan iddiala görə Aston Martin komandası Corc Rasselli Mercedes-dən almaq istəyir. “Yaşıllar”ın gələn il üçün Fernando Alonso və Ləns Stroll ilə müqavilələri olmasına baxmayaraq, bu söz-söhbətlər çıxıb.
Corc Rassellin komandası Mercedes-lə müqaviləsi ilin sonunda başa çatacaq. Komanda rəhbəri Toto Volff daha əvvəl bildirmişdi ki, Rassellə müqavilə uzatmaq formal xarakter daşıyır. Ancaq Britaniya mətbuatı iddia edir ki, Mercedes müqavilə uzatmamaqla başqa strateji həmlə barədə düşünür.
Resursun verdiyi xəbərə görə “gümüşü oxlar” hələ də dördqat Dünya Çempionu Maks Ferstappenlə müqavilə bağlamaq arzusundadırlar.
Sky Sport-un tanınmış Formula 1 aparıcısı Devid Kroft da bu iddiaları dəstəkləyib: “Mənə gələn məlumatlara görə Aston Martin komandası Corc Rassellin dalınca düşüb və onu gələcəkdə heyətinə qatmaq istəyir. Yəni ki, Maks Ferstappen Red Bull-dan ayrılsa, Corc Rassellin tək seçimi Red Bull olmaya bilər”.
Qeyd edək ki, 27 yaşlı pilot son 3 mövsümü Mercedes komandasında keçirib və 3 yarış qazanıb. O, komandanın gələcək üçün əsas adamlarından biri kimi görünürdü. Ancaq Ferstappen variantının ortaya çıxması ilə işlər dəyişə bilər.
Aston Martin-in isə Corc Rasselli kimin yerinə trasnfer edəcəyi məlum deyil.
Şərh əlavə et