İtalyan şirkət artıq Formula 1, F2 və F3-də FIA-nın qlobal tərəfdaşı olub və bu gün yayımlanmış bəyanat Pirelli-nin Beynəlxalq Avtomobil Federasiyasının bayrağı altında keçirilən bütün yarış seriyalarının yeganə təkər təchizatçısı rolunu təsdiqləyib. Bundan əlavə, Formula Regional və F4 komandalarının noyabrda keçiriləcək Makao Qran Prisində istifadə edəcəyi təkərlər də Pirelli tərəfindən təmin olunacaq.
Pirelli, Formula Regional-ı 2019-cu ildə – seriyanın yaranmasından bəri təkərlə təmin edir. 2026-cı ildə dünyanın müxtəlif ölkələrində keçirilən bu gənclər çempionatları növbəti nəsil texnikaya keçid edəcək və Pirelli yeni avtomobillər üçün 15 düymlük təkərləri xüsusi olaraq hazırlayacaq. Şirkət vəd edir ki, bu təkərlər daha yaxşı xüsusiyyətləri ilə seçiləcək və regiondan asılı olmayaraq Formula Regional çempionatlarında vahid effektivlik standartlarına keçidi təmin edəcək.
Muhammed bin Sulayem: “Pirelli təkər sahəsində bizim eksklüziv tərəfdaşımız olaraq qalır və bu, Formula Regional-a müsbət təsir edəcək. Bu həm maraqlı tras mübarizəsinə şərait yaradacaq, həm də müxtəlif çempionatlarımızda idman bərabərliyini daha yüksək səviyyədə təmin edəcək. Bu yolla biz gənc pilotlar üçün bacarıqlarını nümayiş etdirməkdə bərabər imkanlar yaradırıq. Formula Regional-ın inkişafındakı növbəti mərhələ, FIA-nın gənc pilotların hazırlanması üçün həqiqətən müasir və əlçatan idman platforması yaratmaq istəyini əks etdirir…”
Mario İzola: “FIA nəzdində keçirilən Formula Regional çempionatlarının yeganə təkər təchizatçısı kimi təyin olunmağımız bizi çox sevindirir. Pirelli olaraq, birnəfərlik avtomobillərin istifadə olunduğu bu yarış seriyaları piramidasında oynadığımız roldan qürur duyur və bu strukturun həm ən aşağı, həm də ən yüksək mərhələsində iştirak edirik.
Bu, texnologiyamızın səviyyəsinin, təkərlərimizin keyfiyyət və etibarlılığının mühüm sübutudur. Amma ən vacibi odur ki, biz hər hazırlıq mərhələsi üçün uyğun məhsul təqdim etmə qabiliyyətimizlə tanınınırıq. Makao trasına yenidən qayıtdığımıza görə xüsusilə məmnunuq. Bu, dünyanın ən maraqlı avtomobil yarışlarından biri sayılır. Formula Regional və F4 maşınlarının hamısını təkərlə təmin etməyi səbirsizliklə gözləyirik”.
Şərh əlavə et