Xəbəri Kokpitdə Oxuyun!

Piastri Sennanın rekordunu təkrarlayıb

McLaren komandasının sürücüsü Oskar Piastri İspaniyada ardıcıl 8-ci podiuma çıxaraq, əfsanəvi Ayrton Sennanın rekordunu təkrarlayıb.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Barselonada pouldan başladığı yarışı qazanıb və çempionatda liderliyini bir az da möhkəmlədib.

Beləliklə, Oskar bu il 9 yarışdan beşini qazanıb. O, Çin, Bəhreyn, Səudiyyə Ərəbistanı, Mayami və İspaniya yarışlarında qalib gəlib. Yaponiya, İmola və Monakoda isə üçüncü olub. Bununla da builki ardıcıl 8-ci podiumunu əldə edib.

Oskar bu il sadəcə öz ölkəsi olan Avstraliya yarışında podiumdan kənar qalıb. O yarışda isə doqquzuncu yeri tutmuşdu.

Bununla da, Oskar Piastri Formula 1-in ən böyük əfsanələrindən olan Ayrton Sennanın ardıcıl səkkiz podium rekordunu təkrarkayıb. Braziliyalı pilot bu seriyanı 1988-ci il Meksika yarışından Belçika yarışına qədər əldə etmişdi. O, bu yarışlarda altı qələbə, iki ikincilik əldə etmişdi.

McLaren komandasının tarixində ən uzun podium seriyası Lyuis Həmiltona aiddir. O, 2007-ci ilin Avstraliya yarışından Britaniya yarışına qədər ardıcıl 9 podium qazanmışdı. Britaniyalı pilotun seriyası isə xaotik keçən 2007-ci ilin Avropa yarışında başa çatmışdı. Lyuis o yarışı doqquzuncu yerdə bitirmişdi.

Oskar Piastri növbəti Kanada yarışında Lyuisin bu rekordunu yeniləyə və Ayrton Sennanı geridə qoya bilər.

Formula 1 tarixinin ən uzun podium seriyası isə Mixael Şumaxerə aiddir. Yeddiqat Dünya Çempionu 2001-ci ilin ABŞ Qran Prisindən 2002-ci ilin Yaponiya Qran Prisinə qədər ardıcıl 19 podium qazanmışdı.

Rauf Hacıyev

Şərh əlavə et