Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Problemi gözləmirdim

İspaniya Qran Prisində yaşadığı problemə görə mübarizəni vaxtından əvvəl dayandıran Kimi Antonelli yarışdan sonra fikirlərini bölüşüb.

Kokpit.az xatırladır ki, italyan sürücü İspaniya yarışının son dövrələrində motor probleminə görə mübarizəni dayandırıb və ardıcıl üçüncü yarışdan xalsız ayrılıb.

Kimi Antonelli: “Medium təkərlə tempim yaxşı idi. Xüsusən də yarışın sonlarında çox stabil idim. Ancaq strategiya məni məyus etdi. Yarışı belə bitirmək çox pis oldu. Çox çətin 3 yarış keçirdim, amma Kanadada yenə güclü formada qayıtmağa çalışacağıq”.

İtalyan sürücü motor probleminin gözlənilməz anda gəldiyini deyib: “Tamamilə anidən oldu. Gələcəyini heç bir formada hiss etmədim”.

Kimi Antonelli düşünür ki, Kanada yarışında təkərə nəzarət hər şeyi həll edəcək. O, C6 tərkiblər barədə bunları deyib: “İmola və Monakoda gördüyüm qədərilə bu təkərlər çox həssasdırlar. İşləmə aralığı çox dardır. Biz isə o aralıqdan kənardayıq və ilişmə məsələsini həll edə bilmirik. Buna görə də xüsusən sıralanma turunda o təkəri necə istifadə edəcəyimizi çox yaxşı anlamalıyıq”.

Debütant pilot Barselonadakı sıralanma turunda sadəcə tək dəst təkərlə trasa çıxıb. O, bu barədə belə danışıb: “Daha yaxşı yerlərdə bitirmək üçün potensialım var idi. Amma hər şeyi bir araya gətirə bilmədim. Yenə də tempimi tapmağım gözəl idi”.

Sonda Kimi Antonelli yeniliklərin təsirindən də danışıb: “Maşın yaxşı hiss etdirdi. Xüsusən də arxa asılqanla bağlı yaxşı məlumatlar topladıq. Ümid edirəm ki, bunların faydasını görərik”.

Rauf Hacıyev

Şərh əlavə et