Kokpit.az bildirir ki, Pekin-Paris Rallisi klassik avtomobillərin yarışıdır və ilk dəfə 1907-ci ildə təşkil olunub. 36 gün davam edən Yarış Pekində başlayıb, Parisdə başa çatır. Marafon tarixi Çin səddindən start götürür və 14 500 kilometr uzunluğundadır.
Yarışın marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, İsveçrə və Fransa kimi ölkələrin ərazisində keçir.
Marafonda 80 klassik avtomobil çıxış edir. Yarışda iştirak edən ən “qoca” avtomobil 1917-ci ildə istehsal olunmuş American LaFrance Type 12-dir. Ən “cavan” maşın isə 41 yaşlı Toyota Hilux-dur.
Bundan başqa biz Bentley, Volvo, Ford, Porsche, Fiat, Rolls Royce, Chevrolet, Chrysler kimi markaların klassik modellərini paytaxtımızda görə biləcəyik.
Pekin-Paris Rallisinin iştirakçıları paytaxtımıza bu həftənin şənbə günü – 7 iyunda gəlib çatacaqlar. Siz tarixi və əfsanəvi avtomobilləri Bulvarda – Hökümət evi ilə üzbəüzdə görə biləcəksiniz.
Şərh əlavə et