Kokpit.az xatırladır ki, monakolu sürücü dünən sıralanma turunda son cəhdinə çıxmamış və yarışa təkər saxlamışdı. O, buna görə yarışa yeddinci yerdən başlamalı olmuşdu. Lakin o startda Kimi Antonellini və Corc Rasselli geridə qoyub. O, daha sonra komanda yoldaşı Lyuis Həmiltonu komanda əmri ilə keçib.
Yarışın sonlarında Kimi Antonellinin mübarizəni dayandırması ilə trasa təhlükəsizlik maşını çıxıb. Restartdan sonra Lekler əzəli rəqibi Maks Ferstappeni də keçərək, bu il üçüncü podiumunu əldə edib.
Şarl Lekler yarışdan sonra Maks Ferstappenə etdiyi hücumdan danışıb: “Bu tamamilə hava kisəsini almaq üçün mübarizə idi. Maks istədi ki, mən daxili trayektoriyanı tutum. Mən də ora girmək istəmədiyim üçün onu sola itələməyə çalışdım. Bir az təmas oldu, amma heç bir pis nəticə yaşanmadı”.
Monakolu sürücü dünən sıralanma turunda aldığı strateji qərardan da danışıb: “Sıralanma turunu fəda edib, daha yaxşı təkərlərə sahib olmağı seçdim. Bu qərarın işə yarayıb-yaramayacağını bilmirdim, ancaq işə yaradı”.
Ferrari normal yarışda həm McLaren-in, həm də Red Bull-un yarış tempinə cavab verə bilmirdi. Lakin təhlükəszilik maşınının çıxması ilə bir az da strategiyanın köməyi ilə Ferstappeni gridə qoyaraq, podiumun son pilləsinə yüksəlib. Şarl Lekler bu barədə belə danışıb: “Təhlükəsizlik maşınından sonra bəxtimiz bir az gətirdi”.
Şərh əlavə et