Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Stroll İspaniyada yarışmayacaq

Aston Martin komandasının sürücüsü Ləns Stroll sağ əlindəki və biləyindəki ağrılara görə bazar günü keçiriləcək İspaniya yarışında iştirak etməyəcək.

Kokpit.az bildirir ki, kanadalı sürücü şənbə günü 14-cü yeri tutsa da,  sağ əlində və biləyində təkrarlanan ağrılardan sonra bu gün yarışın startında olmayacaq.

Komanda bu narahatlığın 2023-cü il mövsümü ərəfəsində velosiped qəzasında əlinin sınması ilə bağlı olduğunu və Strollun bundan çıxış yolu tapmaq üçün əməliyyat olunacağını bildirib: “Son altı həftə ərzində Lance əlində və biləyində ağrılar hiss edir, onun tibbi məsləhətçisinin fikrincə, bu ağrı onun 2023-cü ildə keçirdiyi əməliyyatla əlaqədardır. Nəticədə onun tibbi komandası təsdiqlədi ki, o, sabah yarışmayacaq və o, bu problemləri həll etmək üçün əməliyyat olunacaq və bərpa müddəti keçəcək.”

Xatırladaq ki, Ləns Stroll 2023-cü ildə Bəhreyndəki mövsümöncəsi qış testlərindən bir həftə əvvəl İspaniyanın Malaqa şəhərində qəza etmiş və hər iki biləyini, ayaq barmağını qırmışdı. Onun sağ biləyinə metal qoyulmuşdu. Lakin kanadalı pilot mövsümöncəsi qış testlərini qaçırsa da, Bəhreyn Qran Prisində qayıtmış və ağrılara baxmayaraq yarışı altıncı yerdə bitirmişdi.

Beləliklə, Ləns Stroll İspaniya Qran Prisini buraxmaqla zədəsindən iki il sonra bir yarışda iştirak etməyəcək.

27 yaşlı pilot əməliyyat olunacaq. Növbəti yarış isə 13-15 iyunda Kanadada Jil Vilnöv trasında baş tutacaq. Lənsin Kanada Qran Prisinə qədər hazır olub-olmayacağı isə hələ də müəmmalıdır.

Rauf Hacıyev

Şərh əlavə et