Xəbəri Kokpitdə Oxuyun!

İspaniya F2: Lindblad ilk dəfə əsas yarışda qazanıb

Formula 2 üzrə İspaniya Qran Prisinin əsas yarışında Campos komandasının sürücü Arvid Lindblad qalib gəlib. Beləliklə, isveçli sürücü Formula 2 karyerasında ilk əsas yarışını qazanıb.

Yarışa Arvid Lindblad pouldan başlayıb. Montoya ikinci, Maini üçüncü, Stanek dördüncü, Fersxur beşinci, Krouford altıncı, Brouninq yeddinci, Dan səkkizinci, Dürksen doqquzuncu, Fornaroli onuncu yerdən start alıblar.

Yarışın startında Lindblad və Montoya yerlərini qoruyublar. Fersxur isə beşinci yerdən üçüncü yerə yüksəlib. Startda ən çox qazanan sürücü isə yerli qəhrəman Pepe Marti olub. O, 11-ci yerdən altıncı yerə qədər yüksəlib. Brouninq və Dürksen də startda iki pillə yüksələrək startın qazananlarından olublar.

Startın ən çox itirəni Kuş Maini olub. O, üçüncü yerdən 12-ci yerə qədər geriləyib.

Leonardo Fornaroli start prosedurlarını pozduğu üçün 10 saniyə dayan və get cəzası alıb. O, radiodan bu cəzaya etiraz etsə də, stüardlar fikirlərini dəyişməyiblər. İtalyan sürücü bu cəzadan sonra ən axırıncı yerə geriləyib.

Yarışın yeddinci dövrəsində pit-stoplar başlayıb. İlk olaraq Dürksen pitə yönlənib və Soft təkərlərdən Hard təkərlərə keçib. Səkkizinci dövrədə Meqetunif, doqquzuncu dövrədə Kordil pitə gəliblər.

Onuncu dövrədə isə liderlər qrupundan Fersxur və Brouninq pitə gəliblər. 11-ci dövrədə isə Montoya və Stanek boksa gələrək təkərlərini dəyişiblər. 13-cü dövrədə yarışın lideri Arvid Lindblad da pitə gələrək, təkərlərini dəyişib.

Bu anda arxa tərəfdə Lyuk Brouninq rəqibi Coşua Dürksenlə mübarizə aparıb. Coşua trası kəsərək, yerini qoruyub və stüardlar bu hərəkətinə görə paraqvaylı sürücüyə 5 saniyə cəzası veriblər.

Bundan bir neçə dövrə sonra isə Brouninq bu dəfə Miyata ilə təmas yaşayıb və ön qanadını zədələyib. Britaniyalı sürücü buna görə ikinci dəfə pitə gəlməli olub.

23-cü dövrədə yarışa Hard təkərlə başlayan sürücülər də pitə gəlməyə başlayıblar. İlk olaraq yarışa müvəqqəti liderlik edən Krouford Hard təkərdən Soft təkərə keçib. 26-cı dövrədə isə Dan pitə gəlib.

Bu anda Rafael Vilyaqomesin maşını tras kənarında dayanıb və sarı bayraqlara səbəb olub.

Yarışın 35-ci dövrəsində isə Leonardo Fornaroli yenidən pitə gəlib. Lakin mexaniklər onun təkərlərini yaxşı bağlaya bilməyiblər. Beləliklə, italyan sürücü yarışı çınqıllıqda başa vurmalı olub. Buna görə trasa təhlükəsizlik maşını çıxıb və yarışın finişinə qədər bu rejim davam edib.

Beləliklə, Red Bull akademiyasının yetirməsi Arvid Lindblad Formula 2 karyerasının ilk yarışını qazanıb. Sebastyen Montoya isə Monakodan sonra Barselonada da podiuma çıxaraq, seriyasını davam etdirib. Rixard Fersxur isə üçüncü yeri tutub.

Yarışa Hard təkərlə başlayan və alternativ strategiya seçən Cek Krouford və Aleks Dan isə yarışı müvafiq olaraq dördüncü və beşinci yerə bitiriblər.

Pepe Marti, Kuş Maini, Viktor Martins, Ritomo Miyata və Qabriel Mini ilk onluğu tamamlayıblar.

Sürücülər Çempionatında Aleks Dan 87 xalla liderliyini davam etdirib. Rixard Fersxur 84 xalla ikinci, Arvid Lindblad 79 xalla üçüncü yerdədirlər.

Rauf Hacıyev

Şərh əlavə et