Xəbəri Kokpitdə Oxuyun!

İspaniya-2025: Piastri Katalunyada da maşının sürətini nümayiş etdirib

Ardıcıl 3 yarışlıq seriya İspaniyada başa çatıb. FİA hələ qışdan bura hərəkətli ön qanad ilə bağlı məhdudiyyətlər gətirəcəyini elan etmişdi və buna görə də hər kəs sözügedən qərarın güc balanslarına necə təsir edəcəyini gözləyirdi.

Bir çoxları güman edirdi ki, daha sərt antiqanadlara keçid McLaren-in performansına mənfi təsir göstərəcək, lakin belə olmayıb – çempionat liderləri artıq bir neçə mərhələdə bu cür qanadlardan istifadə edib. Cümə və şənbə günü keçirilən məşqlərdə Oskar Piastri liderlik edib, o həmçinin təsnifat mərhələsində inamlı qələbə qazanıb.

Daha bir dəyişən faktor isə hava şəraitidir – İspaniya mərhələsi mövsümün əvvəlindən bəri ən isti yarış olub. Təkərlər sürətlə effektivliyini itirib, maşınlar sürüşüb və bu da daha artıq qızmaya səbəb olub. Pirelli ən sərt tərkibləri – C1, C2 və C3 təkərlərini müvafiq olaraq Hard, Medium və Soft kimi təqdim edib, amma C1 Barselona üçün çox sərt olub, lazımi asfaltla ilişməni təmin etməyib və dövrəvi nəticələr zəif olub – demək olar ki, istifadə edilməyib.

Strollu komanda yarışdan kənarlaşdırıb – təsnifat mərhələsindən sonra o, qolundakı ağrılardan şikayətlənib və həkimlərin yanına yollanıb. Sıralanma turunda sonuncu olmuş Tsunoda pit-leyndən start götürüb – Red Bull komandası onun maşını üzərində işləyərək qapalı park qaydalarını pozub.

Start düzülüşünün birinci cərgəsindən yarışa Piastri və Norris başlayıb. İkinci cərgədən Ferstappen və Rassell, üçüncü cərgədən isə – Həmilton və Antonelli start alıblar. Yalnız Tsunoda yarışa Medium təkərlərlə başlayıb, digərləri isə ilk hissə üçün Soft təkərləri seçib.

Startda Piastri liderliyini qoruyub. Ferstappen Norris-i qabaqlayıb, Həmilton və Lekler isə Rasselli keçib. Hülkenberq dörd mövqe irəliləyib, Elbon üç yer itirib. Louson və Alonsonun maşınları toxunub, amma ciddi nəticə olmayıb. İkinci dövrədə ilk onluq: Piastri – Ferstappen – Norris – Həmilton – Lekler – Rassell – Antonelli – Qasli – Hacar – Hülkenberq.

Maks Oskara təzyiqlər etməyə çalışıb, lakin avstraliyalı sürücü tezliklə ondan uzaqlaşıb. 7-ci dövrədə Elbon pitə gəlib, təkərləri və zədələnmiş ön qanadını dəyişib. 9-cu dövrədə Lekler Həmiltonu keçməyə cəhd edib, amma Lüis irəlidə qalıb. Berman və Tsunoda pit-stop ediblər. Komanda Həmiltondan Lekleri önə buraxmağını xahiş edib və o da bunu 10-cu dövrədə həyata keçirib. Hülkenberq və Sayns təkər dəyişib.

11-ci dövrədə Qasli pit-stop həyata keçirib. 13-cü dövrədə Norris ikinci yer uğrunda mübarizədə Ferstappeni qabaqlayıb. Alonso beşinci döngədə çınqıllığa çıxıb, Louson və Bortoletonun keçməsinə imkan verib, daha sonra trasa qayıdıb və hərəkətə davam edib.

14-cü dövrədə Ferstappen, 15-də Kolapinto, 16-da Alonso, 17-də Həmilton, 18-də Lekler, 19-da Louson, 20-də Hacar və Bortoleto, 21-də Rassell və Okon, 22-də Norris və Antonelli, 23-cü dövrədə isə Piastri pit-stop ediblər – Piastri trasa Ferstappendən beş saniyə geridə olmaqla ikinci qayıdıb.

24-cü dövrədə Antonelli yeddinci yer uğrunda mübarizədə Qaslini qabaqlayıb. 25-ci dövrədə Tsunoda təkər dəyişib. Louson Elbona hücum edib, onun maşınına toxunub və birinci döngədə irəli keçib. Ardınca Alonso və Sayns da Elbonu ötüb.

Hacar xarici trayektoriya ilə Hülkenberq və Qaslini üstələyib. 28-ci dövrədə Elbon pit yoluna dönüb – komanda onun yarışı dayandıracağını bildirib, lakin maşını boksa itələməyiblər – o, 10 saniyəlik cəzanı yerinə yetirmək üçün yenidən trasa çıxıb dövrə vurub.

30-cu dövrədə Ferstappen təkər dəyişib, trasa dördüncü yerdə – lider Piastridən 19 saniyə geridə qayıdıb və tempini artırıb. 31-ci dövrədə Louson və Berman mövqe uğrunda mübarizədə toqquşublar – hər ikisi yarışa davam edib. 32-ci dövrədə Qasli pit-stop edib.

34-cü dövrədə Bortoleto 13-cü yer uğrunda mübarizədə Saynsi qabaqlayıb. 36-cı dövrədə Sayns və Berman təkər dəyişib. Ferstappen üçüncü yer uğrunda mübarizədə Lekleri keçib. Sayns 17-ci yer uğrunda mübarizədə Kolapintonu, Tsunoda isə 13-cü yer uğrunda Okonu qabaqlayıb. 40-cı dövrədə ilk onluq: Piastri – Norris – Ferstappen – Lekler – Həmilton – Rassell – Antonelli – Hacar – Hülkenberq – Louson.

41-ci dövrədə Lekler və Kolapinto, 42-də Rassell, 43-də Alonso, 45-də Okon, 46-da Louson və Tsunoda, 47-də Hülkenberq və Həmilton təkər dəyişib. Luisin ön sağ təkərinin bərkidilməsi zamanı problem yaşanıb. 48-ci dövrədə Ferstappen təkər dəyişib, 49-da Norris və Hacar, 50-ci dövrədə isə Piastri pit-stop edərək liderliyini qoruyub.

51-ci dövrədə Antonelli və Bortoleto pit-stop ediblər. 53-cü dövrədə Alonso Bermani keçib və 12-ci yerə yüksəlib. 55-ci dövrədə Antonelli 10-cu döngədə çınqıllı təhlükəsizlik zolağında dayanıb və mübarizə onun üçün başa çatıb. əhlükəsizlik maşını trasda peyda olub. Louson, Okon və Bortoleto istisna olmaqla, bütün pilotlar təkər dəyişib. Hamıya son 10 dövrə üçün Soft təkər taxılıb, lakin Maks üçün ehtiyatda yalnız Hard təkər qalıb.

61-ci dövrədə restart elan olunub. Piastri liderliyini qoruyub, daha yumşaq təkərlərlə olan Lekler Ferstappeni keçib. Rassell də Maksa hücum etməyə çalışıb, amma Ferstappen trasdan kənara çıxaraq irəlidə qalıb. Maksdan mövqeyi qaytarması tələb olunub – o da sürətini azaldıb, Corcun önə keçməsini gözləyib və dərhal sürətlənərək Rassellin maşınına qəsdən çırpılıb, onu yenidən keçib. Növbəti dövrədə yenidən edilən xəbərdarlıqdan sonra Ferstappen mövqeyini qaytarıb.

Stüardlar insidenti dərhal araşdırıb və Ferstappeni 10 saniyəlik cəza ilə cəzalandırıb – bu, onu 5-ci yerdən 10-cu yerə salıb. 65-ci dövrədə Hülkenberq Həmiltonu keçərək altıncı yerə yüksəlib. Finişdən sonra Bermanın vaxtına Lousonla mübarizə zamanı trasdan kənara çıxaraq üstünlük qazandığı üçün 10 saniyə əlavə olunub.

Oskar Piastri mövsümdə beşinci, karyerasında isə 7-ci qələbəsini əldə edib və çempionatda liderliyini möhkəmlədib. Lando Norris ikinci olaraq McLaren-ə mövsümdə üçüncü, tarixində isə 52-ci qələbə dublunu qazandırıb. Şarl Lekler yarışı üçüncü sırada başa vuraraq podiumun son pilləsinə qalxıb. Fernando Alonso yarışı 9-cu yerdə başa vuraraq mövsümdə ilk xallarını qazanıb.

İki həftədən sonra mübarizə Kanadada davam edəcək…

Elçin Zodorov

Şərh əlavə et