Kokpit.az xatırladır ki, sprint yarışına Fornaroli pouldan başlayıb. Onu Coşua Durksen, Lyuk Brouninq, Cek Krouford, Rixard Fersxur, Roman Stanek, Kuş Maini, Sebastyan Montoya izləyiblər.
Beş qırmızı işığın yanması ilə yarışa start verilib. Brouninq və Krouford yerlərindən yaxşı tərpənərək, ilk iki yerə yüksəliblər. Fornaroli və Dürksen isə üçüncü və dördüncü yerlərə geriləyiblər.
İkinci dövrədə isə Bennet pitə gələrək mübarizəni dayandırıb. Dördüncü dövrədə isə yarışın lideri dəyişib. Monako yarışının qalibi Krouford rəqibi Brouninqə hücum edərək liderliyi ələ alıb.
Bundan sonra yarışda uzun müddət heç bir maraqlı hadisə baş verməyib.
Yarışın yarısı – 13 dövrəsi geri qaldıqdan sonra sıralanma belə olub – Krouford, Brouninq, Fornaroli, Dürksen, Maini, Miyata, Stanek, Lindblad
Yarışın 14-cü dövrəsində Dürksen yavaşlayıb və mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Elə bu anda Rixard Fersxur yeddinci yer uğrunda mübarizədə Lindblada hücum edib və rəqibini keçib. Lakin ötmə zamanı iki sürücü təmas yaşayıblar və Lindblad yerində fırlanıb. Buna baxmayaraq isveçli sürücü yarışa 19-cu yerdə qayıda bilib.
Yarışın 18-ci dövrəsində isə 10-cu yer uğrunda mübarizədə Qabriel Mini rəqibi Sebastyan Montoyaya hücum edib. Yekunda italyan sürücü mübarizəni dayandırıb. Montoya isə yoluna davam edib. Buna baxmayaraq trasa təhlükəsizlik maşını çıxıb.
Təhlükəsizlik maşınından istifadə edən Fersxur, Dan, Vilyaqomes, Montoya, Martins, Lindblad, Meqetunif, Kordil və Şilds pit-stop ediblər. Onlar Soft təkərə keçiblər. Bu həmlə yarışın taleyini tamamilə dəyişdirib.
Yarışın 21-ci dövrəsində təhlükəsizlik maşını boksa qayıdıb.
Bundan sonra onuncu yerdəki Rixars Fersxur yeni təkərlərlə hər dövrə yüksəlməyə başlayıb. 11-ci yerdəki Aleks Dan da eynilə onun kimi yeni təkərlərlə onu izləyib. Fersxur və Dan növbə ilə Göteni, Beqanoviçi, Martini, Staneki, Miyatanı, Mainini, Fornarolini, Brouninqi və Kroufordu keçərək, ilk iki yerə yüksəliblər. Onlar bu yüksəlişi dörd dövrə ərzində ediblər.
Günün surprizinə isə Rafael Vilyaqomes imza atıb. Meksikalı sürücü yarışa sonuncu yerdən başlasa da, təhlükəsizlik maşını rejimində pit-stop edib. O, restart zamanı 15-ci yerdə olsa da, yarışı üçüncü yerdə bitirib. Bu, Rafaelin Formula 2 karyerasındakı ilk podiumu olub.
Cek Krouford dördüncü, Sebastyen Montoya beşinci, Viktor Martins altıncı, Lyuk Brouninq yeddinci, yarışa pouldan başlamış Leonardo Fornaroli isə səkkizinci yerləri tutublar.
Beləliklə, bu yarışdan sonra Çempionatın lideri dəyişib. Yarışda ikinci olan Rodin Motorsport-un sürücüsü Aleks Dan zirvəni Lyuk Brouninqdən alıb. Yarışın qalibi Rixard Fersxur isə çempionatda üçüncü yerdədir. Üç sürücünü sadəcə 7 xal ayırır.
Şərh əlavə et