Barselona trası o qədər tələbkardır ki, maşınların potensialı burada məlum olur və sıralanma da çox vaxt buna uyğun formalaşır. Təsadüfi deyil ki, son 8 ilin 7-də burada qalib gələn sürücü mövsümün sonunda titula yiyələnib. Yeganə istisna 2021-ci ildir – Lyuis Həmilton burada qalib gəlsə də, çempion Maks Ferstappen olmuşdu.
McLaren artıq məşqlərdən öz gücünü nümayiş etdirib. Bir çoxları isə sürətli getməyə meyl etməyib. FİA bu həftəsonundan etibarən ön qanadların elastikliyinə qarşı tələblərini sərtləşdirib.
Pirelli bura ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Asfalt 50 dərəcəyə qədər qızıb, lakin hətta Soft təkərlərlə də ideal asfaltla ilişmə əldə etmək mümkün olmayıb.
İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə qoşulub. Piastri birinci cəhdlərdə hamıdan üstün olub – 1:12.551. İkinci cəhdlərə başlayan zaman Kolapinto problem yaşayıb və maşını pit yolunun çıxışında saxlamalı olub. Oskar ikinci cəhdinə çıxmasa da, heç kim onun nəticəsini üstələyə bilməyib. Tsunoda, Kolapinto, Sayns, Okon və Hülkenberq üçün mübarizə bitib.
İkinci sessiya Piastri dərhal yeni meyar müəyyən edib – 1:11.998. Yenə də onun nəticəsini üstələyən olmayıb. Yalnız komanda yoldaşı cüzi fərqlə uduzub. Berman, Stroll, Louson, Bortoleto və Elbon ilk onluğa düşə bilməyiblər.
Son sessiyada trasa buludlar yaıxnlaşıb, külək isə güclənib. Amma yağıntı olmayıb. İlk cəhdlərdə Norris fərqlənib. Alonso və Hacar boksda qalmağı seçiblər. Fernando daha sonra çıxaraq beşinci nəticəni göstərib və azarkeşlər tərəfindən alqışlanıb. Son cəhdlərdə hamı maksimumu etməyə çalışıb, lakin Piastrinin dövrəsi isə sadəcə unikal olub – 1:11.546.
Beləliklə, Oskar Piastri mövsümdə dördüncü poulunu əldə edib. Sabah onunla ən öndən yarışa başlayacaq olan sürücü komanda yoldaşı Lando Norrisdir. İkinci cərgədə Maks Ferstappen və Corc Rassell, üçüncü cərgədə isə Həmilton və Antonelli qərarlaşacaqlar. Alonso isə doğma publika önündəki yarışa 10-cu yerdən başlayacaq.
Şərh əlavə et