Kokpit.az bildirir ki, McLaren yeni sərtləşmiş ön qanadları İmoladakı sərbəst yürüşlərdə Lando Norris ilə test edib və əldə edilən məlumatlara görə bu dəyişikliyin bolidin performansına ciddi təsiri olmayacaq.
Qeyd edək ki, FİA-nın yeni qaydalarına görə ön qanadın şaquli elastikliyi ikitərəfli yükdə 15 millimetrdən 10 millimetrə, təktərəfli yükdə isə 20 millimetrdən 15 millimetrə endirilib. Ön qanadın qanadcıqları üçün elastiklik limiti isə 5 millimetrdəm 3 millimetrə düşürülüb.
Bu yeni qaydalardan sonra əksəriyyət düşünürdü ki, elastik qanadları aerodinamik üstünlük üçün istifadə edən McLaren kimi komandalar çətinlik çəkəcəklər.
Ancaq McLaren komandasının rəhbəri Andrea Stella bu iddiaları rədd edib: “İmolada Lando ilə bu ön qanadları test etdik. Sadəcə performansa çox az təsir etdi. Bu texniki reqlamentin MCL39-u yavaşladacağı ilə bağlı dedi-qodular doğru deyil”.
Bundan başqa Andrea Stella bildirib ki, Barselona trası rəqiblər üçün daha əlverişlidir və bu yarış da Suzuka və İmola kimi keçə bilər: “Bu həftəsonu komandaların yaxın olmalarını gözləyirik. Ancaq bu trasın quruluşuna görədir. Yeni texniki reqlamentlə əlaqəsi yoxdur”.
Yeni ön qanadlara quruluş olaraq sadəcə karbon detal artırıblar. Buna görə də onların forması dəyişmədiyi üçün qanadlar FİA-nın yenilik siyahısına əlavə edilməyib.
Şərh əlavə et