Kokpit.az xatırladır ki, Britaniya komandası Monakoda 9 və 10-cu yerləri tutub. Onlar hazırda Mühəndislər Kubokunda beşinci yerdədirlər.
Karlos Sayns ev yarışı olan İspaniya Qran Prisindən əvvəl ehtiyatlı danışıb: “Monakoda daha rəqabətədavamlı olacağımızı düşünürdüm, amma olmadı. Buna görə də işlər həmişə gözlədiyimiz kimi getmir.
Bizim əlimizdə məlumatımız var. Bolidin hisslərinə və məlumatlarına baxaraq, hansı trasın bizim üçün daha yaxşı olacağını düşünürük. Amma açıq deyim ki, Williams 2021-ci ildən bəri İspaniyada ikinci sessiyaya belə keçməyib.
Barselona tipik bir trasdır. Düzlüklər azdır, çoxlu uzun döngələr var və yüksək asfaltayatma qüvvəsi tələb edir. Bu isə bizim bolidimizin zəif tərəfidir. Amma builki avtomobilin əvvəlki illərlə müqayisədə irəliyə doğru bir addım atdığı hamıya aydındır. Buna görə də çox optimist deyiləm, amma pessimist də deyiləm”.
Williams komandası keçən il 17 xal toplayaraq mövsümdə 9-cu yeri tutmuşdu. Lakin britaniyalılar bu il 17 xalı artıq iki yarışda toplamışdılar.
Karlos Sayns bu inkişaf barədə belə danışıb: “Əvvəlcə komanda keçənilki bolidin zəif yönlərini çox yaxşı təhlil edib, aerodinamik boruda təkmilləşdirdi.
Bu bolid açıq şəkildə keçənilkindən qat-qat yaxşıdır. Mən bu komandaya gəlməmişdən əvvəl məlumatları görmüşdüm. Bu avtomobil haqqında mənə göstərilən məlumatlar Williams-a gəlişimdə mühüm rol oynamışdı. Mən də gördüm ki, əvvəlki komandalarımdan gətirdiyim təcrübə və töhfələrlə komandada hələ də təkmilləşmə potensialı var.
Komandada qərar qəbul edildikdə, hamı onun arxasında durur və dəqiq məqsədlərimiz var. Ceyms və komandasının ən çox sevdiyim tərəfi bu uzun vədədə layihəyə, fikirlərinə və vizyonlarına sadiq qalmalarıdır.
Bir il əvvəl Williams böyük addım ataraq sürətlənəcək, Ferrari və Mercedes-i sıralanma turunda qabaqlayacaq desələr, inanmazdınız elə deyil? Amma biz bunu bacardıq. Məncə, bu doğru, amma çətin qərar idi. İndi nəyə görə bu komandanı seçdiyimi anlamısınız”.
Qeyd edək ki, Karlos Sayns keçən ilin sonunda Ferrari komandasından ayrılaraq Williams-a keçmişdi.
Şərh əlavə et