Xəbəri Kokpitdə Oxuyun!

Barselonada Norris və Ferstappen sürətli başlayıblar

İspaniya Qran Prisinin birinci sərbəst yürüşlərini McLaren komandasının sürücüsü Lando Norris zirvədə bağlayıb.

Kokpit.az bildirir ki, İspaniyada birinci sərbəst yürüşlər günəşli havada başlayıb.

Keçən həftəsonu Monako yarışını qazanmış Lando Norris ilk sürətli dövrəni vurub. O, 1.16.095 zaman nəticəsi göstərib. Bu anda Mercedes komandasının sürücüsü Corc Rassell radiodan bolidin sükanı ilə bağlı problem yaşadığını deyib.

Birinci sərbəst yürüşlərdə Esteban Okonu əvəz etmiş Rio Hirakava onuncu döngədə çınqıllığa çıxıb.

Sessiyanın ortasında Lando Norris 1.15.259 zaman nəticəsi göstərib. Fernando Alonso ondan 0.221 saniyə geridə ikinci olub. Corc Rassell Medium təkərlə 1.14.751 zaman nəticəsi göstərərək Norrisin Hard təkərlə atdığı dövrəni 0.5 saniyə qabaqlayıb.

Əksər sürücülər Hard və Medium təkərlə dövrələr vurduqdan sonra Soft təkərlərə keçiblər. Bununla da ardıcıl sürətli dövrələr gəlib.

Maks Ferstappen 1.14.085 zaman nəticəsi ilə birinci yerə yüksəlib. Lando Norris onu təxminən 0.4 saniyə qabaqlayaraq, birinciliyi niderlandlı pilotdan alıb.

Bu anda Fernando Alonso radiodan komandasına maşında problem olduğunu deyib və onun yoxlanılmasını istəyib.

Beləliklə, Lando Norris birinci sərbəst yürüşləri zirvədə bağlayıb. Maks Ferstappen ikinci, Ferrari komandasının sürücüləri Həmilton və Lekler müvafiq olaraq üçüncü və dördüncü olublar.

İspaniya Qran Prisinin ikinci sərbəst yürüşləri Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et