Dördqat Dünya Çempionu Barselonada keçirilən media günündə mövsümün gedişatı və texniki yeniliklər haqqında səmimi danışıb.
Maks Ferstappen sürücü elastik ön qanadlarla bağlı qayda dəyişikliyinin böyük fərq yaratmayacağını bildirib və əlavə edib: “Bu qanadlar bizə böyük performans qazancı verməyib. Ola bilsin ki, biz onlardan düzgün istifadə etmədik və ya potensiallarını tam aça bilmədik, amma digər komandalar üçün də vəziyyət dəyişə bilər.
Hər cümə günü məşq edirik, lakin avtomobilimizdə düzgün sazlanma pəncərəsini tapmaq həqiqətən çətindir. Əgər düzgün sazlanmanı tapsanız, hər şey yaxşı gedir, lakin bu sazlanmanı itirmək də bir o qədər asandır”.
Maks Ferstappen əlavə edib ki, McLaren ilə olan rəqabətdə mübarizəni hiss etmir: “Mən sadəcə əlimdən gələnin ən yaxşısını edirəm və bir az da əylənirəm. Bu mövsümü sonradan xatırlamayacağam. Bolidim beşinci yerə uyğundursa, o yeri tutaram, qazanacaq gücdədirsə, qazanaram. Çox şey düşünərək enerjimi tükətmirəm. Bunun hesabına tras xaricində çox vaxtım olur”.
Niderlandlı pilot sonda Barselona trasının təqvimdən çıxmasına fikir bildirib: “Bu trasın təqvimdən çıxarılması Formula 1 üçün itki olar. Burada azarkeş təcrübəsi də yaxşıdır”.
Qeyd edək ki, gələn il İspaniya Qran Prisi Madriddə keçiriləcək.
Şərh əlavə et