Kokpit.az xatırladır ki, Kristian Horner 2005-ci ildən bəri Red Bull komandasının rəhbəridir. O, bu müddətdə “qırmızı öküzrlər”lə 8 dəfə Sürücülər Çempionatında, 6 dəfə Mühəndislər Kubokunda qalib gəlib.
Onun bu uğurunu ancaq Mercedes komandasının rəhbəri Toto Volff qabaqlaya bilib. O, 7 dəfə Sürücülər Çempionatında, 8 dəfə Mühəndislər Kubokunda hamıdan güclü olub.
Böyük uğurlardan sonra hamının diqqəti sənin üzərində olur. Hər iki komanda rəhbəri də fərqli komandalardan təkliflər alıblar. İndi isə Kristian Horner Ferrari-nin diqqətini cəlb edib.
Almaniya mətbuatının verdiyi məlumatlara görə Ferrari-nin rəhbərliyi Hornerlə bir neçə dəfə danışıqlar aparıb. Komandanın hazırkı vəziyyətini nəzərə alsaq, bu təəccüblü deyil. Ferrari-nin bu mövsüm göstərdiyi performans gözləntiləri qarşılamır və “qırmızılar” indidən çempionluq uğrunda mübarizədə geridə qalıb.
Ferrari-nin zəif performansına görə hazırkı rəhbər Frederik Vassyörün gələcəyi sual altındandır. Düzdür, komanda son iki yarışda bir az yaxşı performans göstərsə də, Ferrari daxilində söz-söhbətlər davam edir.
Lakin Bild nəşri onu da əlavə edib ki, Horner Red Bull-dan ayrılmaq istəmir. Britaniyalı rəhbər başqa komandada işləməyi düşünmür. O, bir neçə il əvvəl də Ferrari-dən gələn təklifi rədd etmişdi.
Qeyd edək ki, Kristian Hornerin Red Bull ilə 2026-cı ilin sonuna qədər müqaviləsi var.
Şərh əlavə et