Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışda 10-cu yer uğrunda mübarizə apararkən önündəki Aleks Elbon Karlos Saynsa pitə girmək üçün boşluq yaratmağa çalışırdı və buna görə də yavaş sürürdü.
Lakin Mercedes komandasının sürücüsü yarışın 50-ci dövrəsində Növil şikanında trası kəsərək Elbonu keçib. Daha sonra Rassell radiodan bildirib ki, Elbon qeyri-stabil formada sürür və o, qəzanın qarşısını almaq üçün bunu edib. Eyni zamanda komandasına 10 saniyə cəza alsam da, fərq açaram deyib və yerini geri qaytarmayıb.
Ancaq Rassellin bu radio danışığı onun bu hərəkəti bilərək etdiyini isbatlayıb. Buna görə də 10 saniyəlik zaman cəzası yox, daha ağır olan pitdən keçmə cəzası veriblər.
Corc Rassell: “Nə etsəniz də, burada itirirsiniz. Buna görə də bir nöqtədən sonra “cəhənnəm olsun, vecimə deyil!” dedim, çünki xal zonasından kənarda idim və heç nə itirmirdim.
Sadəcə Monakoda sürməkdən həzz almaq istədim. Şənbə günü sıralanma turunda yaşadığım problemə görə hər şeyi itirmişdik.
Yarışda isə Monakoda 25 dövrə tam sürətlə sürdüm. İşin gülməli tərəfi o idi ki, pitdən keçmə cəzası almasam, yarışı Aleks Elbon, Tsunoda və Hülkenberqin gerisində, bəlkə daha da pis yerdə bitirəcəkdim. Yəni ki, sistemdə bir az problem var”.
Şərh əlavə et