Xəbəri Kokpitdə Oxuyun!

MotoGP: Britaniyada Bezzekki qalib gəlib

MooGP üzrə Britaniya Qran Prisinin qalibi Aprilia komandasının sürücüsü Marko Bezzekki olub. 

Kokpit.az bildirir ki, yarışda iki dəfə start olub. İlk startdan sonra Aleks Markes, Franko Morbidelli, Aleş Esparqaro və Mark Markes qəza ediblər. Belə ki, ilk dövrədə Aleş Esparqaro və Franko Morbidellinin qəzalarına görə trasa yağ tökülüb. Eyni anda Mark Markes sürüşərək, qəza edib və gerilərə düşüb. Bununla da yarış qırmızı bayraqlarla dayandırılıb. Yarışda 3 dövrə tamamlanmadığı üçün bütün sürücülər yenidən start almaq haqqı qazanıblar. Yarış məsafəsi isə bir dövrə qısaldılaraq yenidən başlanılıb. 

İkinci startda liderliyi Françesko Banyaya ələ alıb, ancaq yarışa pouldan başlayan Fabio Kuartararo əks hücumla ikinci döngədə birinci yeri yenidən özünə qaytarıb. Bütün sürücülər arxa təkərdə Medium seçiblər. Ön təkərdə isə bəziləri Soft, bəzikəri Medium təkərlər götürüblər. Kuartararo, Cek Miller, Bezzekki, Zarko və Morbidelli Sof t ön təkərlə yarışa başlayıblar.

Françesko Banyaya və Mark Markes ikinci startdan sonra geriləməyə başlayıblar. İtalyan sürücü yarışın 4-cü dövrəsində 12-ci yerə qədər geriləyib və bu anda qəza edərək, mübarizəni növbəti dəfə dayandırıb. O, Ducati-nin boksuna çox məyus formada qayıdıb. Fabio Kuartararo isə yarışın altıncı dövrəsində ən yaxın rəqibi Marko Bezzekkiyə 5 saniyə fərq atıb.

Lakin yarışın 12-ci dövrəsində Fabio Kuartararonun Yamaha-sında arxa asılqanı tənzimləyən sistemdə problem olub. Fransız sürücü problemi həll etmək üçün əyləclərə yüklənsə də, nəticə verməyib və o, motosikletini kənara çəkməli olub.

Bundan sonra yarışa Aprilia komandasının sürücüsü Marko Bezzekki başçılıq etməyə başlayıb. İtalyan sürücü yarışın sonuna qədər bu üstünlüyünü qoruyub və yarışın qalibi olub. Fransa yarışında qalib gəlmiş Yohan Zarko bu dəfə ikinci yeri tutaraq, podiuma yüksəlib. Yarışın finiş xəttinə qədər Franko Morbidelli ilə podium mübarizəsi aparan Mark Markes isə sonda finiş xəttini öndə keçib və podiumun üçüncü pilləsini əldə edib. Morbidelli və Aleks Markes isə beşliyi bağlayıblar.

Pedro Akosta altıncı, Cek Miller yeddinci, Luka Marini səkkizinci, Fermin Aldequer doqquzuncu, Fabio di Canantonio 10-cu yerləri tutublar.

Rauf Hacıyev

Şərh əlavə et