Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Yavaş döngələrdə zəifik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, aşağı sürətli döngələrdə o qədər də güclü deyillər.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Monakodakı sıralanma turunda 5-ci olub. Lakin o, Lyuis Həmiltonun startda 3 yer itirməsi ilə yarışa dördüncü yerdən başlayacaq.

Red Bull sərbəst yürüşlərdə göstərdiyi performansla sıralanma turunun ən böyük favoritlərindən biri sayılırdı. Lakin onlar sıralanma turunda McLaren və Ferrari-dən geridə qalıblar.

Maks Ferstappen buna təəccüblənmədiyini deyib: “Xüsusən də orta sektorda, aşağı sürətli mexaniki ilişmənin vacib olduğu döngələrdə kifayət qədər yaxşı deyildik. Sərbəst yürüşlərlə müqayisədə yaxşı dövrəvi nəticə göstərməm mümkün deyildi. Hər dəfə bir kerbə qalxarkən və ya yavaş döngələrə girərkən ilişmə olmurdu.

Sıralanma turu başlayanda və dövrəvi nəticələr yaxşılaşanda  anladım ki, onsuz da bu mübarizədə deyilik.

Bu, həqiqətən də sürpriz deyil. Maşınımız aşağı sürətli döngələrdə yaxşı deyil. Bu il sıralanma turunda əksər bolidlər  bir-birinə çox yaxındırlar. Əgər o döngələrdə hiss və ya balansınız yoxdursa, işlər yaxşı getməyəcək.”

Maks Ferstappen sıralanma turunda Lyuis Həmiltonla yaşadığı əngəlləmə insidenti barədə də danışıb. O, bu insidentdə rəqibini yox, Ferrari komandasını günahkar görür: “O an sürətlə gələn zaman önündə bir maşının səni əngəlləməsi yaxşı hal deyil. Komandası ona yavaş gəldiyimi deyib, amma mən o zaman açıq formada sürətli idim. Buna görə də Lyuisin günahı yoxdur.

Onsuz da onunla az da olsa, danışdıq. Çox bəsit mövzu olsa da, belə hallar yaşanmamalıdır. Bu, tamamilə komandanın səhvidir”.

Rauf Hacıyev

Şərh əlavə et