Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monakodakı sıralanma turunda son cəhdində Şarl Lekleri qabaqlayaraq, poul qazanıb.
Lando Norris: “Bu anı uzun müddət idi ki, gözləyirdim. Özümü çox yaxşı hiss edirəm. Son aylarda yaşadığımız çətinliklərdən sonra bunun nə qədər gözəl hiss olduğunu danışmaq çox çətindir.
Monako onsuz da gözəl yerdir. Bunu burada etmək və buranın yerli qəhrəmanına qarşı qazanmaq doğrudan da doğrudan da xüsusidir.
Komandanın hər bir üzvü ilə qürur duyuram. Son aylarda çox işlədik. Nəticədən çox razıyam”.
McLaren sıralanma turunun son sessiyasında fərqli strategiya seçib və hər iki sürücü də son cəhdində iki sürətli dövrə vurub.
Lando Norris komandasının strategiyasına güvəndiyini deyib: “Sıralanma turundan əvvəl bu strategiyanın ən yaxşısı olacağına inanırdıq və daha sonra da ən yaxşı strategiya olduğu sübut olundu. Komanda əla iş gördü. Buradakı və bazadakı hər kəsə təşəkkür edirəm.
Belə günlər asan olmur. Onlara bir şey verə bildiyim üçün qürur duyuram.
Dövrəm doğrudan da gözəl idi. Hər şey yerində oldu və finiş xəttini keçəndə bunun qarşılığını aldığımı hiss etdim”.
Sabahkı yarışda iki pit-stoplu strategiya olacaq. Lakin Lando Norris bununla maraqlanmadığını deyib: “Hazırda bu barədə düşünmürəm. Bu günün həzzini yaşayacağam. Bunun üçün çox işlədim.
Bu gecə sabah üçün hazırlaşmağa vaxtımız olacaq. Bu gündən çox razıyam. Sıralanma turunun nəticəsi məni çox sevindirdi. Əvvəlcə bu anın həzzini yaşayacağam. Sonra da sabaha köklənəcəyəm”.
Şərh əlavə et