Kokpit.az bildirir ki, bu yeniliklər trasın ən yavaş nöqtəsi olan Fairmont Hairpin üçün gətirilib və hədəf bolidin manevr qabiliyyətini artırmaqdır.
Sürücülər bəzən qolları kabinə dəyməsin deyə döngələrdə əllərini sükandan çəkirlər. Buna görə də Mercedes mühəndisləri sükanın işləmə bucağını yenidən düzəldib. Bu xüsusi dəyişiklik bolidin dar döngələrdə dönmə qabiliyyətini artırmaq üçün edilib.
Xatırladaq ki, Mercedes İmolada yaxşı həftəsonu keçirməmişdi. Corc Rassell yarışı yeddinci yerdə bitirdiyi halda, Kimi Antonelli mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Mercedes komandasının tras üzrə baş mühəndisi Əndryu Şovlin İmola yarışından sonra bunları demişdi: “Problem qaz pedalının idarəsini təmin edən amortizor sistemində idi. Telemetriyada bolidin tam sürətlə getmədiyini gördük. Sensorları yenidən yığmağa çalışsaq da, qazın reaksiyası ilə zarafat etmək olmaz. Təhlükəsizlik üçün Kimi maşını saxladı”.
Corc Rassellin maşını isə Monte Karlo yarışından əvvəl hərtərəfli yoxlanılıb. Bunun əsas səbəbi Corc Rassellin İmola yarışından əvvəl maşında qəribə şeylər hiss etməsi idi. Maşının start düzülüşünə gedərkən belə anormal davranması mühəndislər tərəfindən diqqətə alınır.
Mercedes komandası Monakoda xüsusilə sıralanma turunda güclü olmağı hədəfləyir. Monte Karloda sıralanma turunda alınan nəticənin yarış üçün böyük üstünlüyü olur. Düzdür, FİA Monako yarışı üçün icbari iki pit-stoplu strategiya qaydası qoyub. Lakin buna baxmayaraq yenə də sıralanma turunda alınan nəticə çox vacibdir.
Aerodinamik cəhətdən isə Monako trası maksimum asfaltayatma qüvvəsi tələb edir. Buna görə də Mercedes daha geniş qanadlarla yarışacaq. Bunun hesabına bolid döngələrdə daha yaxşı asfaltayatma qüvvəsi istehsal edəcək.
Mercedes komandası yenilikləri ancaq Monako üçün gətirməyib. “Gümüşü oxlar” İspaniya Qran Prisinə də yeni altlıqla gətirəcək. Bu yeniliyin hesabına maşının balansının yaxşılaşması və daha yaxşı performans verməsi hədəflənir.
Şərh əlavə et