Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Monakoda da qələbə istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen İmolada qazandıqdan sonra Monakoda da qələbə istəyir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü İmolada möhtəşəm performans göstərərək, mövsümdə ikinci qələbəsini qazanıb və çempionatın lideri Oskar Piastri ilə xal fərqini 22-yə endirib. İndi isə o, daha əvvəl iki dəfə qalib gəldiyi Monakoda birinci olmaq istəyir.

Maks Ferstappen: “İmolada qələbə qazanaraq, ardıcıl üçyarışlıq seriyaya yaxşı başladıq. Bu əla oldu. Keçən həftəsonu maşında bəzi şeylər inkişaf etdi və özümü sükan arxasında daha rahat hiss etdim. İndi bu inkişafı daha da yuxarı çəkməliyik.

Monako daha qarışıqdır, çünki bura şəhər tipli trasdır. Keçmiş zamanlarda burada işlər həmişə qaydasında getmədi. Amma bu il ümidimiz var. Sıralanma turu çox vacib olacaq.

Şənbə günü maşının potensialını ortaya qoyub, yarışa yaxşı yerdən başlamaq çox vacibdir. Bundan başqa yarışın evimə yaxın olan yerdə olması da gözəl hissdir. Bizi gərgin və templi bir həftəsonu gözləyir”.

Red Bull komandasının digər sürücüsü Yuki Tsunoda isə İmolada sıralanma turunda səhv etsə də, yarışda yaxşı performans göstərərək, 10-cu olub və 1 xal qazanıb. Yaponiyalı sürücü Monakoda daha yaxşı performans göstərməyi hədəfləyir.

Yuki Tsunoda: “İmoladakı bəzi anları tezliklə unutmaq istəyirəm, amma müsbət tərəfləri də var idi. Bu da Monako yarışından əvvəl əhvalımı yüksəldir. Sıralanma turunda axmaq səhv etdim. Səbirli olmağı öyrənməlitəm. Maşın həftəsonu ərzində yaxşı idi. Yarışa pit yolundan başlasam da, sonda onuncu yeri tuta bildim. Ancaq Monakoda daha artığını etmək istəyirəm.

Monakoda vacib olan tək şey bu trasa və RB21-ə köklənməkdir. Red Bull həmişə Monakoda diqqət mərkəzində olub. Mən də komanda olaraq bu trasda nə edə biləcəyimizin fərqindəyəm. O hədəfə çatmaq istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et