Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Sıralanma tempini yaxşılaşdırmalıyıq

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Monakoda bolidin sıralanma performansını artırmağa çalışacaqlar.

Kokpit.az xatırladır ki, bu həftəsonu Formula 1-in əfsanəvi mərhələsi olan Monako Qran Prisi keçiriləcək.

Ferrari komandası keçən il burada qalib gəlsə də, bu il favoritlərdən biri sayılmır, çünki Monte Karlonun dar küçələrində sıralanma turunun nəticələri çox vacibdir.

Lakin Ferrari bu mövsüm sıralanma turunda heç də yaxşı görünmür. Hətta “qırmızılar” İmola yarışına 11 və 12-ci yerlərdə başlayıblar. Buna görə də onları Monakoda çətin həftəsonu gözləyə bilər.

Frederik Vassyör: “Monako Qran Prisi tayı-bərabəri olmayan yarışdır. Bu trasda sıralanma turu çox vacibdir. Son yarışlarda isə maşınımızın vahid dövrə performansından faydalana bilmədik.

Buna görə də son günlərdə bu yöndə çox işləyirik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olar”.

Bu il Monako Qran Prisində qeyri-adi bir dəyişiklik var. Yeni idman reqlamentinə görə bütün sürücülər yarış ərzində ən az iki dəfə pit-stop etməlidirlər.

Bu dəyişikliyin əsas səbəbi isə son illərdə Monakoda azalan ötmə saylarını və strategiya cəhətdən çeşidliliyi artırmaqdır.

Frederik Vassyör bu yeni qayda barədə də danışıb: “Bu həftəsonu sadəcə Monakoya xas olan yeni reqlamentə start veriləcək. Bütün sürücülər ən az iki dəfə pit-stop etməli olacaqlar.

Bu da komandalar üçün yeni strategiya imtahanı deməkdir. Məqsəd daha həyəcanlı yarışlar yaratmaq və strategiyaları daha çox ön plana çıxarmaqdır.

Əlbəttə, bu yarış Şarl Lekler üçün ev yarışıdır və bu da komanda üçün xüsusi bir haldır. Həm Şarlı, həm də Lyuisi ən yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et