Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa altıncı yerdən başlasa da, komandasının onu erkən pitə alması ilə gerilərə düşüb və yekunda 8-ci yeri tutub.
Karlos Sayns: “Sözün açığı, heç xoşbəxt deyiləm. Səkkizinci yerə görə xoşbəxt ola bilmərəm. Yarışın bir hissəsində 15-ci yerdə gerdirdim və o anda xal alacağımı belə düşünmürdüm. Amma oradan yaxşı geridönüş etdim.
Yenə də bazar gününü istədiyimiz kimi dəyərləndirə bilmədik. Ardıcıl ikinci səfə yarışın əvvəlində yaxşı yerdə olsaq da, önümüzdəki Aston Martin-dən və Mercedes-dən sürətli getsək də, vacib xalları əldən verdik”.
Karlos Sayns erkən pit-stopun yarışın seyrini dəyişdirdiyini deyib: “Leklerin pitə girməsinə çox tez reaksiya verdik ya da oxşar hal oldu, amma mənim tərəfdən çox tez pit-stop etdik. O andan sonra yarış strategiyamız rəqiblərimizə nisbətdə fərqliləşdi və bu da işimizə yaramadı. Bu ilk dəfə olmur və bazar günü vacib xallar itiririk. Buna görə də çox məyusam. Ancaq komandaya həmişə bunu demişəm: Səhv edəcəyiksə, bu il edək. Bu il bu səhvlərdən dərs çıxaraq”.
İspaniyalı sürücü erkən pit qərarının onun üçün gözlənilməz olduğunu deyib: “Düzünü desəm, bu qədər tez pitə girmək planımız yox idi. Heç bir xəbərdarlıq almadım. Heç kim mənə pitə girəcəyik demədi. Komanda körpüsündən bu qərar gələndə riayət etmək istəmədim. Ancaq mən eyni zamanda bir komanda oyunçusuyam. Komanda mən görmədiyim bir vəziyyəti görə bilər deyə düşündüm və əmrə riayət etdim. Lakin trasdakı yerin nə qədər vacib olduğunu bilirik və bir o anda bunu itirdik. Bu qərar qətiliklə məni çox təəccübləndirdi”.
Karlos Sayns onunla Williams arasında olan ünsiyyətin kifayət qədər güclü olmadığını da vurğulayıb: “Bazar günləri ünsiyyətdə və bir-birimizi başa düşməkdə daha yaxşı olmalıyıq. Bu, həmişə mənim güclü tərəflərimdən biri olub. Amma bu komanda ilə istədiyim bağ hələ qurulmayıb. Həftəsonlarını daha yaxşı idarə edə bilmək üçün bunu təkmilləşdirməliyik, çünki şənbə günü qazandığım templə və yarışda göstərdiyim performansla mən yalnız səkkizinci yeri tuturam. Aleks yarışı beşinci yerdə bitirəndə bu hal məni daha da məyus edir. Bu səhvlər ardıcıl baş verir və belə olan halda iş daha da çətindir, amma biz bu səhvlərdən dərs çıxaracağıq”.
Daha əvvəl 4 yarış qazanmış Karlos Sayns yenidən bildirib ki, bu mövsüm səhv etmək üçün yaxşı fürsətdir: “”Bəli, bu il səhvlərin ilidir. Williams hazırda dünya çempionluğu üçün mübarizə aparmır. Amma bu komandanın yarışlarda qalib gəlmək və gələcəkdə çempionluq uğrunda mübarizə aparmaq potensialı var. Bu, çox gənc komandadır və çox gənc layihədir. Bu il biz Mercedes və Ferrari kimi böyük komandalarla rəqabət apara biləcək səviyyədəyik. Mayamidə onlardan daha sürətli idik və bu gün də elə idi, amma onları məğlub edə bilmədik. Halbuki bütün həftəsonu onlardan daha sürətli idim. Dediyim kimi, bu il öyrənmək üçündür, amma eyni zamanda bir addım atmalıyıq”.
Sonda Karlos Sayns inkişaf resurslarının necə istifadə ediləcəyindən danışıb: “Resurslar mövzusunda qərarımız qətidir. Bu maşını təkmilləşdirməyəcəyik. Hazırkı maşınımız bəzi traslarda Mercedes və Ferrari ilə eyni gücdədir. Mayami və bura yaxşı misaldır. Ancaq bəzi traslarda – məsələn, Barselona kimi yerlərdə gücümüz çatmır. Görək Monakoda nə olur. Amma bizim üçün əsas olan həftəsonlarını daha yaxşı idarə etməyi öyrənməkdir. Mayami və İmola kimi güclü olduğumuz yarışlarda ilk dördlükdə ya da beşlikdə olmalı idik. Bu mövzuda təcrübəliyəm və komandanı təkmilləşdirmək üçün əlimdən gələni edirəm. İnkişaf vacibdir”.
Şərh əlavə et