Kokpit.az bildirir ki, Ferrari-nin tarixində ilk dəfə iki maşın da İmolada ikinci sessiyada ələnib və son sessiyaya qala bilməyib. Şarl Lekler 11-ci, Lyuis Həmilton 12-ci yeri tutub.
Britaniyalı pilot bu hal üçün çox məyus olduğunu və mənəvi cəhətdən çökdüyünü deyib.
Lyuis Həmilton: “Maşın ümumilikdə doğrudan da yaxşı idi. Əyləclər işləyirdi və hər şey yerində idi. Amma sürətli gedə bilmirik. Xüsusən də, Maksın ikinci və üçüncü döngələrdəki sürəti ilə müqayisə etsək, ona heç yaxınlaşa bilmirik”.
Lyuis Həmilton bildirib ki, ikinci sessiyada götürdükləri yeni dəst Soft təkərlər gözlənilən performansı verə bilməyib və bolid zəif təsir bağışlayıb: “Yeni təkəri götürdük, amma səbəbini bilməsəm də, çox ilişmə yox idi”.
40 yaşlı pilot yarış templərinin yaxşı olduğunu deyib, amma tras dar olduğu üçün ötmələrin çətin olacağını düşünür: “Bura gözəl trasdır, amma yarış üçün heç də əlverişli deyil. DRS qatarına düşəndə ötmə etmək mümkünsüz olur. Hamı yarışa Soft təkərlərlə başlayacaq. Görək nə edirik. Yarış tempimiz yaxşı ola bilər”.
Yeddiqat Dünya Çempionu İmola trasına yığılan azarkeşlərin dəstəyindən təsirləndiyini deyib: “İmolada Ferrari-nin insanlar üçün nə ifadə etdiyini görmək inanılmazdır. Daha əvvəl belə şey görməmişdim”.
Sonda Lyuis Həmilton bildirib ki, komanda bu həftəsonu bir az inkişaf etsə də, hələ də istədikləri performansı ala bilmirlər: “İnkişaf etsək də, istədiyimiz səviyyədə deyilik. Xüsusən də döngə girişkərində sürət fərqi çox böyükdür. 6-10 kilometr/saat fərq var. O səviyyəyə çata bilmirik”.
Bütün bunlara baxmayaraq Lyuis Həmilton komandasına inanır: “Lazımi dəyişikliyi edəcəyimizə inanıram. Komandaya güvənim sonsuzdur”.
Şərh əlavə et