Kokpit.az bildirir ki, yarış Sebastyan Montoya üçün pis başlayıb. Qızdırma dövrəsində onun mühərriki işə düşməyib.
Yarışın startında isə Fornaroli dördüncü yerdən ikinci yerə yüksəlib bə pouldakı Beqanoviçə hücumlar edib. Lakin Dino yerini qoruya bilib. Viktor Martins startda yerindən tərpənə bilməyib və mübarizəni vaxtından əvvəl dayandırıb.
Yarışın yeddinci dövrəsində Beqanoviç, Fornaroli, Lindblad, Dyun və Göte pit-stop ediblər. Fornarolinin pit komandası burada ləng davranıb. Yekunda italyan sürücü həm Dyunun, həm də Lindbladın gerisinə düşüb.
Yarışın 8-ci dövrəsində Brouninq pitə gəlib və trasa Beqanoviçlə Dyunun önündə qayıdıb. Bu anda Dyun Beqanoviçə hücumlar edib və Dinonun səhvindən istifadə edərək onu geridə qoyub. Bir dövrə sonra Dyun bu dəfə Brouninqi geridə qoyub və yarışın potensial lideri olub.
Yarışın 14-cü dövrəsində Rafael Vilyaqomes Mequtunifə təmas edib və mübarizəni dayandırıb. Bunun nəticəsində trasa təhlükəsizlik maşını çıxıb. Bu anda hələ pit etməmiş Durksen Martini geridə qoyaraq yarışın yeni lideri olub.
19-cu dövrədə yarışa restart verilib. Restartda Dyun Kordili keçərək, beşinci yerə yüksəlib. 24-cü dövrədə isə Brouninq Kordili geridə qoyaraq altıncı olub.
25-ci dövrədə Dyun bu dəfə Staneki keçərək, üçüncü olub. İrlandiyalı sürücü 26-cı dövrədə Martini, 27-ci dövrədə isə Durkseni keçərək liderliyə yüksəlib.
Yarışın 30-cü dövrəsində Brouninq də Martini keçib və ikinci olub.
Beləliklə İmolada Formula 2-nin əsas yarışında Dyun qalib gəlib. Brouninq ikinci, Beqanoviç üçüncü yerləri tutublar.
Lindblad dördüncü, Fornaroli beşinci, Krouford altıncı, Göte yeddinci, Montoya səkkizinci, Fersxur doqquzuncu, Mequtunif isə onuncu olublar.
Bununla da Aleks Dyun çempionatda birinci yerə yüksəlib.
Şərh əlavə et