Xəbəri Kokpitdə Oxuyun!

Emiliya Romanya -2025: Poulun adı Piastridir

İmolada ötmə etmək çətindir və strategiyalar adətən tək pit-stoplu olur. Buna görə də poul əldə etmək qələbə üçün önəmli addımdır.

Sərbəst yürüşlər McLaren sürücülərinin üstünlüyü ilə keçib. Bura Avropada ilk yarış olduğu üçün bir çox komanda ciddi yeniliklər gətirib və güc nisbətlərini qiymətləndirmək üçün imkan yaranıb.

Pirelli C4, C5 və C6 tərkiblərini sürücülərin ixtiyarına verib. C6 ilk dəfə istifadə edilib və sıralanma turunda həlledici rol oynayıb.

İlk sessiya elə ilk dəqiqələrdən Yuki Tsunodanın ciddi qəzasına görə dayanıb. Həftəsonu başlayandan maşından şikayətlənən yapon sürücü 6-cı döngədə idarəetməni itirərək trasdan çıxıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Yuki maşından özü düşüb və müayinə üçün tibb məntəqəsinə aparılıb. Maşın evakuasiya edilib və bariyer bərpa edilib. 14 dəqiqədən sonra yarışçılar mübarizəni davam etdiriblər. Daha sonra komanda Yukinin yaxşı olduğunu təsdiqləyib.

Lakin bu son olmayıb – yekuna az qalmış Franko Kolapinto Tamburello döngəsində qəza edərək yenidən qırmızı bayraqların dalğalanmasına səbəb olub. Bermanın dövrəsi qırmızı bayraqlar çıxdıqdan sonra finiş xəttini keçdiyi üçün nəzərə alınmayıb. Sessiya davam etdirilməyib. 1:15.175-lik nəticə göstərən Ferstappen ən sürətli olub, Tsunoda, Berman, Okon, Hülkenberq və Louson üçün mübarizə başa çatıb.

İkinci sessiyanın startı qəzaların nəticələrinin aradan qaldırılması məqsədi ilə bir qədər təxirə salınıb. Bu dəfə xüsusi hal baş verməyib. İlk cəhdlərdə Piastri, ikinci cəhdlərdə isə gözlənilmədən Sayns ən sürətli olaraq protokollara başçılıq edib – 1:15.198. Kolapinto, Bortoleto və Antonelli ilə yanaşı, ev yarışına çıxan Ferrari sürücüləri də finala vəsiqə qazana bilməyiblər.

Son sessiyada Ferstappen ilk cəhdində yeni meyar təyin edib – 1:14.772. İkinci cəhd üçün Rassell, Alonso və Stroll orta təkərləri seçiblər, qalanları isə boksları Softs ilə tərk ediblər. Piastrinin 1:14.670-lik dövrəsi poul üçün kifayət edib, Ferstappen ona cüzi fərqlə uduzub.

Oskar Piastri mövsümdə və karyerasında üçüncü poulunu qazanıb. Onunla ilk cərgəni Maks Ferstappen bölüşəcək. İkinci cərgədə Corc Rassell və Lando Norris, üçüncü cərgədə isə Fernando Alonso və Karlos Sayns qərarlaşacaqlar.

Elçin Zodorov

Şərh əlavə et