Xəbəri Kokpitdə Oxuyun!

Emiliya Romanda 2025: Ferstappendən möhtəşəm qələbə!

Mövsümün Avropa hissəsi qalibin demək olar ki, sıralanma turunda bəlli olduğu 3 yarışla – Emilya Romanya, Monako və İspaniya Qran Priləri ilə start götürür. Bu yarışlardan ilki də məhz əfsanəvi İmola trasına təsadüf edir.

Oskar Piastri birinci Avropa raunduna çempionatda lider kimi gəlib, ikinci yerdə olan komanda yoldaşı Lando Norrisi 16 xal, Maks Ferstappeni 32 xal, Corc Rasseli 38 xal qabaqlayıb.

Əksər komandalar bura yeniliklkər gətirib, lakin onların heç də hamısı işləməyib. Aston Martin sürücüləri mövsümdə ilk dəfə sıralanma turunun son sessiyasına keçiblər, Ferrari isə tarixində ilk dəfə İmolada son sessiyada təmsil olunmayıb.

Məşqlərdə McLaren sürücüləri fərqləniblər – cümə günü Oskar Piastri, şənbə günü isə Lando Norris hamıdan sürətli olub. Gərgin mübarizənin olduğu sıralanma turunda isə poula kifayət edəcək dövrə Oskardan gəlib.

Pirelli bura ən yumşaq üçlüyü gətirib, C6 təkərləri ilk dəfə yarış həftəsonunda sürücülərin ixtiyarına verilib. Həmilton, Antonelli, Hülkenberq, Berman və Tsunoda sərt, qalan hamı orta təkərlərlə start alıb. Yarışa ilk cərgədən Piastri və Ferstappen, ikinci cərgədən Rassell və Norris, üçüncü cərgədən isə Alonso və Sayns başlayıblar.

Startda Piastri yerindən yaxşı tərpənsə də, ilk döngələrdə Ferstappen möhtəşəm hücumla liderliyi ələ alıb. Antonelli Həmiltonu üstələyib, Hacar və Kolapinto iki mövqe itiriblər. 2-ci dövrədə ilk onluq: Ferstappen – Piastri – Rassell – Norris – Alonso – Sayns – Elbon – Stroll – Qasli – Lekler.

Rassellin rəhbərlik etdiyi 9 maşın “DRS qatarı” əmələ gətirib. Lakin sürətlərin yaxın olması ötmələrə imkan verməyib. Qasli 10-cu dövrədə ilk pit-stop edən sürücü olub və bir dövrə sonra Lekler eyni addımı atıb. Rassell və Sayns daha bir dövrə sonra pitə gəliblər və Leklerin arxasına düşüblər.

Ön cərgədəki sürücülərdən ən tez təkər dəyişən 14-cü dövrədə Piastri olub. Onu pitdə bir qədər gecikdiriblər. Tsunodadan onu arxasında saxlamağı xahiş etsələr də, yapon sürücü buna nail ola bilməyib. Ardıcıl ötmələr etməyə məcbur olan Oskar pit-stop etməmiş lider Ferstappendən daha aşağı tempdə gedib və geri qalıb.

Piastri Kolapinto və Hülkenberqi də keçərək önünü açıb və sürətini artıra bilib. Norris 29-cu dövrədə pit-stop edib. Okon maşını texniki nasazlığa görə 27-ci döngənin çıxışında saxlamalı olub və VTM rejimi aktiv edilib. Aston Martin sürücülərindən başqa hamı təkərlərini dəyişib. 30-cu dövrədə ilk onluq: Ferstappen – Piastri – Norris – Elbon – Hacar – Antonelli – Həmilton – Alonso – Stroll – Lekler.

Piastri 31-ci dövrədə növbəti pit-stopunda yenə bir qədər ləngidilib. Restart elane dilib. Sayns və Tsunodanın insidentində stüardlar heç kimi cəzalandırmayıblar. Həmilton Antonellini geridə qoyub, daha sonra isə Hacarı üstələyərək beşinci yerə qalxıb.

Antonelli Leklerdən də geri qalıb. Piastri Elbonu ötərək üçüncü yerə yüksəlib. Kolapinto komandanın xahişi ilə Qaslini irəli buraxıb. Antonellinin 46-cı dövrədə 7-ci döngənin çıxışındakı qəzası TM-nın trasa daxil olması ilə nəticələnib.

Sürücülərin çoxu fürsətdən istifadə edərək yeni təkərlərə keçiblər. McLaren-də Piastri, Ferrari-də isə təzə təkəri olmayan Lekler trasda qalıb. Təhlükəsizlik Maşınının arxasında ilk onluq: Ferstappen – Piastri – Norris – Lekler – Elbon – Rassell – Həmilton – Sayns – Hacar – Hülkenberq.

Antonellinin maşını çox ləng təxliyə edilib və yarış yalnız 53-cü dövrədə yenidən başlayıb. Restartda Ferstappen yerini qoruyub, Tsunoda Hlükenberqi qabaqlayıb. Həmilton Rasselli keçərək altıncı olub. Alonso isə Qaslini qabaqlayıb.

Norris 58-ci dövrədə komanda yoldaşını üstələyib və ikinci yerə qalxıb. Alonso Hlükenberqi də geridə qoyub. Elbon 60-cı dövrədə Leklerə hücum edib, lakin Şarl ona trasda yer qoymadığından, çınqıllığa çıxıb və Həmiltonun da gerisinə düşüb. Lyuis bir dövrə sonra komanda yoldaşını da ötüb. 63-cü dövrədə isə Lekler cərimələnməmək üçün Elbona yerini geri qaytarıb.

Maks Ferstappan mövsümdə ikinci, İmolada ardıcıl dördüncü, karyerasında isə 65-ci qələbəsini bayram edib. İkinci yer Lando Norrisin, podiumun son pilləsi isə Oskar Piastrinin olub. Çempionatda ilk üçlüyün xalları daha da yaxın olub. Lyuis Həmilton isə cari mövsümdə ən yaxşı nəticəni – dördüncülüyü əldə edib.

Mübarizə gələn həftə Monako knyazlığının dar küçələrində davam edəcək…

Elçin Zodorov

Şərh əlavə et