Kokpit.az bildirir ki, İmolada son sərbəst yürüşlər çox sakit başlayıb. İlk sürətli dövrəni Lyuis Həmilton vurub. Maks Ferstappen isə qısa müddət ərzində zirvəyə yerləşib.
Növbəti dəqiqələrdə Lyuis Həmiltin nəticəsini 1.15.866 ilə yaxşılaşdırıb və yenidən zirvəyə yüksəlib. Lakin çox keçməmiş Oskar Piastri 1.15.833 zaman nəticəsi ilə yenidən birinci yerə yüksəlib.
Maks Ferstappen avstraliyalı rəqibinin bu dövrəsinə sürətli formada cavab verib və 1.15.600 zaman nəticəsi ilə birinci yerə yüksəlib. Niderlandlı pilot sonrakı dövrəsində 1.15.130 ilə zaman nəticəsini daha da yaxşılaşdırıb. Dördqat Dünya Çempionu bu dövrəsi ilə Lando Norrisi 0.2 saniyə qabaqlayıb.
Diqqət cəlb edən sürücülərdən biri də Racing Bulls-dan Ayşaq Hajar olub. O, bir ara 1.15.508 zaman nəticəsi ilə birinci yerə yüksəlsə də, Ferstappenin sürətli dövrəsi ilə ikinci yerə geriləyib.
Sessiyanın son 10 dəqiqəsində temp yenidən artıb. Lando Norris Soft təkərlərlə mükəmməl dövrə vuraraq, 1.14.897 zaman nəticəsi göstərib. Onun bu nəticəsi Ferstappenin Medium təkərlə atdığı sürətli dövrəni 0.181 saniyə qabaqlayıb.
Lyuis Həmilton trasdan çıxıb, çınqıllı zonaya düşsə də, 10-cu yerə yüksələ bilib. Bu anda Oskar Piastri də ikinci yerə yüksəlib və McLaren ilk iki yeri tutub.
Beləliklə sonuncu sərbəst yürüşlər Lando Norrisin birinciliyi ilə bitib. Emiliya Romanya Qran Prisinin sıralanma turu saat 18:00-da başlayacaq.
Şərh əlavə et