Xəbəri Kokpitdə Oxuyun!

McLaren vahid dövrə üçün yeniliklər gətirib

McLaren komandası Avropa mövsümünün ilk yarışı İmolaya vacib texniki dəyişikliklərlə gəlib.

Kokpit.az bildirir ki, britaniyalılar xüsusən də vahid dövrə performansını artırmaq üçün yeniliklər gətirib. Yeniliklər bolidin arxa hissəsində və asılqan sistemində çoxluq təşkil edir.

Arxa künclər və asılqan qollarında edilən dəyişikliklər bolidin döngə çıxışlarında daha yaxşı sürətlənməsi üçün düzəldilib. Bundan başqa yeni arxa qanad hesabına daha yüksək asfaltayatma qüvvəsi istehsal ediləcək. Yeni arxa qanada uyğun tarazlayıcı qanad da gətirilib.

Etibarlılığı artırmaq üçün ön asılqanlarda da dəyişiklik edilib. Bu, dözümlülüyü artırmaq və yarış ərzində bolidin mexaniki problem yaşamamasını təmin etmək üçündür.

McLaren-in texniki heyəti bildirib ki, bu yeniliklər İmola kimi ötmələrin çətin olduğu traslarda çox vacibdir. Çünki belə traslarda sıralanma turunda tutulan yer yarış nəticəsinə birbaşa təsir edə bilir. Buna görə də vahid dövrədə sürətlənmək komandalar üçün çox vacibdir.

Diqqəti ən çox cəlb edən dəyişiklik isə bolidin arxa tərəfindəki mühəndislərin müdaxilələri olub.

McLaren komandası təkərlərə nəzarətinə görə fərqlənir. Bu üstünlük xüsusən də sürətlənmə tələb edən traslarda təkərlərin ömrünü uzadır.

“Narıncılar” bu templərini qorumaq və daha da təkmilləşdirmək üçün arxa asılqan hissəsində aerodinamik təhlil edib. Bu təhlillərdən sonra aerodinamik boruda testlər edilib və asılqanın bəzi örtük hissələrində dəyişiklik edilib. Yeni aerodinamik quruluş hesabına hava axımı daha effektiv yönləndiriləcək və asfaltayatma qüvvəsi artırılacaq.

Görüntü olaraq ən gözədəyən dəyişikliklərdən biri qaşıq tipi kimi tanınan və yüksək asfaltayatma qüvvəsi təmin edən yeni arxa qanad olub. Bu yeni arxa qanad tarazlayıcı qanadla birlikdə işləyərək, bolidin asfaltayatma qüvvəsini artırır. Beləliklə, döngələrdə daha balanslı ilişmə əldə edilir.

Sonda ön asılqanda bəzi detalların bir-birindən ayrılıb və bununla da maşın daha da güclənib. Bu dəyişiklik hesabına həm asılqanın iş faydası artacaq, həm də mexaniki problemlərin qarşısı alınacaq.

Rauf Hacıyev

Şərh əlavə et