Kokpit.az xatırladır ki, Oliver Ouks keçən həftə şəxsi səbəblərə görə Alpine komandasının rəhbəri vəzifəsindən ayrılmışdı. Onu komandanın məsləhətçisi Flavio Briatore əvəz etmişdi. Ancaq italyan mütəxəssis rəsmi oladaq komandanın rəhbəri deyil.
FİA-nın qaydalarına əsasən Formula 1-də rəhbər vəzifədə işləyənlər “yarışmaçı resursların qeyd sistemi” əhatəsində lisenziyalı olmalıdırlar. Briatore isə Alpine komandasında işçi kimi qeydiyyatda deyil və onun lisenziyası yoxdur. Buna görə də Briatore FİA-nın nəzdində komandada məsul adam deyil.
Belə olan halda komanda FİA-ya rəhbər kimi Deyv Qrinvudun adını verib. Qrinvud yanvar ayında komandaya qoşulmuşdu. O, daha əvvəl Ferrari, Manor/Marussia və Renault kimi komandalarda işləyib. O, 2000-ci illərdə Briatore ilə Reanult komandasında çalışmışdı.
Alpine komandasının mətbuat katibi bu barədə belə danışıb: “Flavio komandaya baş məsləhətçi kimi gəlib və hələ də məsləhətçi vəzifəsini icra edir. Başqa şərhə ehtiyac yoxdur”.
FİA isə bu barədə belə açıqlama verib: “Alpine Cənab Ouksun ayrılığı ilə bağlı bütün öhdəlikləri yerinə yetirib və yenilənmiş işçi heyətini təqdim edib. Bu barədə şərhi ancaq Alpine komandası verə bilər. Biz hər hansı bir adamın sertifikatı barədə şərh vermirik”.
Qeyd edək ki, 75 yaşlı Flavio keçən ilin yayında Alpine komandasına məsləhətçi kimi gəlib. Bu qərar keçmişdə yaşanan qalmaqallara görə birmənalı qarşılanmamışdı.
Formula 1-dəki “yarışmaçı resursların qeydiyyat sistemi”nə görə komandalar ən az 6 vacib vəzifə üçün – komanda rəhbəri, idman direktoru, texniki direktor, komanda idarəçisi və iki yarış mühəndisi – FİA-ya müraciət etməlidir. Bu sistem hesabına Formula 1 Dünya Çempionatının bütövlüyü qorunur.
FİA daha əvvəl intizam cəzası almış və ya qaydaları pozmuş adamlara bu sertifikatı verməmə haqqına sahibdir. Qaydalarda bir sürücüyə qəza etmə yönündə əmr verilməsi və ya yarış nəticəsinə təsir edəcək müdaxilələr etməsi yasaqdır.
Şərh əlavə et