Xəbəri Kokpitdə Oxuyun!

Alonso dünyasını dəyişən terapevtinə məktub yazıb

Formula 1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso uzun illər bir yerdə işlədiyi fizioterapevti Fabritsio Borraya emosional vida mesajı yazıb.

Kokpit.az xatırladır ki, Fernando Alonso, Mixael Şumaxer və Andrea Dovitsiozo kimi əfsanəvi sürücülərlə işləmiş fizioterapevt Fabritsio Borra dünyasını dəyişib.

Fernando Alonso: “Sənin üçün hər gün darıxacağam, Fabri. Mənə çox şey öyrətdin və məni daha yaxşı insan və daha yaxşı idmançı etdin. Buna görə təşəkkür edirəm. Karyeramı səninlə keçirmək mənim üçün ən böyük şans idi. Torpağın bol olsun, qardaşım”.

İtaliya mətbuatının verdiyi xəbərə görə 64 yaşlı Borra bir il idi ki, xərçəngə qarşı mübarizə aparıb və bu xəstəliyə məğlub olaraq, bazar günü səhər dünyasını dəyişib.

Borra Breşiada dünyaya gəlib. O, Fernando Alonso ilə 2001-ci ildən bəri işləyir. O, ispaniyalı sürücü ilə Renault, McLaren, Ferrari, Alpine və Aston Martin-də birlikdə çalışıb.

Fabri paddokda tanınan və hörmət görən adam olub. O, Alonsodan başqa Mixael Şumaxerlə də işləmişdi. Hətta Mixail 1999-cu ilin İngiltərə yarışında qəza edib ayaqlarını qıranda Fabritsio Borra onun bərpa müddətində vacib işlər görmüşdü.

Fabri bundan başqa MotoGP pilotu Andrea Dovitsiozo və əfsanəvi velosipedçi Marko Pantani ilə də işləmişdi.

Rauf Hacıyev

Şərh əlavə et