Xəbəri Kokpitdə Oxuyun!

Fransada Markes sürətli başlayıb

MotoGP üzrə Fransa Qran Prisinin birinci sərbəst yürüşlərində Mark Markes hamıdan sürətli olub.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü sessiya ərzində bir neçə sazlanma sınayıb. O, Ducati-nin yeni şassisindən istifadə edib. Bu şassi yalnız Markda olub.

Bu detal Xeres testlərində yaxşı işləyib. Bu gün də Mark Markesin 1.30.764 zaman nəticəsi vurmasına müsbət təsir göstərib. O, bu nəticəni 20 dövrəlik yeyilmiş təkərlərlə göstərib.

Mark Markes sessiyanın əvvəlindən liderliyi alıb. Onu yeni Yamaha motorlu və yeni şassili Fabio Kuartararo izləyib. Fransalı sürücü bir müddət protokollara başçılıq edib.

Trackhouse Aprilia komandasının sürücüsü Raul Fernandes isə ilk dəqiqələrdən kabus yaşayıb. Əvvəlcə onun motosikleti yanıb. Fernandes böyük şok yaşayıb və qaçaraq pitə qayıdıb.

Daha sonra Aleks Rins üçüncü, Franko Morbidelli səkkizinci döngədə yıxılıb. Lakin iki sürücü də zədələnməyib.

Michelin şirkəti Fransaya yeni dəst tərkiblər gətirsə də, sürücülər yenə də Medium təkərlərdən istifadə ediblər. Xüsusən də Mark Markes bu tərkiblə yaxşı nəticə göstərib.

Beləliklə Fransada birinci sərbəst yürüşlərdə Mark Markes hamıdan sürətli olub. Onu Bred Binder, Aleks Markes və Françesko Banyaya izləyiblər.

Rauf Hacıyev

Şərh əlavə et