Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” mövsümə pis başlayıblar. Onlar ilk 6 yarışın sadəcə birində qalib gələ biliblər. Qalan beş yarışı isə McLaren komandası qazanaraq, böyük üstünlük qurub.
Hazırda Red Bull çempionatda üçüncü yerdədir və lider McLaren-dən 141 xal geridə qalır. Bundan başqa Sürücülər Çempionatında da McLaren-in pilotları ilk iki yerdədirlər.
Maks Ferstappen sonuncu Mayami yarışında dördüncü olub və yarışın qalibi Oskar Piastridən 40 saniyə geridə qalıb.
Helmut Marko: “Sadə dildə desək, tempimiz heç də yaxşı deyildi. Maks vahid dövrədə əla performans göstərir. Buna görə də istedadı ilə çox şeyi kompensə edir. Mən buna Maks faktoru deyirəm.
Lakin yarış tempində təəssüf ki, McLaren-in inanılmaz sürətini gördük. 40 saniyə böyük fərqdir. Maks yarışın əvvəlində McLaren-lərə qarşı müdafiə olunmasaydı, bu fərq daha çox ola bilərdi. Corcun üçüncülüyü Mercedes-in də gücünü göstərir.
Buna görə də bəzi şeyləri ciddi formada düşünməli və performans tapmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik.
İmolada maşında yeniliklərimiz olacaq. Burada bir sual yaranır: Bu yeniliklər bizi McLaren-ə yaxınlaşdıracaq? Çünki onların maşınları çox güclüdür.
Sözün düzünü desək, Maks Ferstappen Mayamidə McLaren və Kimi Antonellinin səhvlərinə görə poul qazandı”.
Şərh əlavə et