Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Mayami yarışına 18-ci yerdən başlayıb və dörd nəfərin mübarizəni dayandırmasına baxmayaraq, finişə 15-ci yerdə çatıb.
Fernando Alonso: “Yaxşı idi. Yerimdə fırlanmağım bir şeyi dəyişdirmədi. Beş saniyə itirdim, amma on dövrədən sonra eyni qrupa çatdım. Hələ də eyni yerdə idim. Virtual təhlükəsizlik maşınının hesabına bir neçə saniyə qazandım. Ancaq bu belə öndəki maşınlara çatmağıma kömək etmədi.
Yenidən özümüzə gəlməli və daha güclü olmalıyıq. Əlbəttə bu sürətimizdən razı deyilik, amma hamımız əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
Məncə, bu yarış da əvvəlki yarışlar kimi keçdi. Həmişə bəzi problemlərimiz oldu, amma sıralanma turunda gözləniləndən yaxşı nəticələr qazandıq. Yarışa başladığımız yer layiq olduğumuzdan yuxarıda idi.
Daha sonra DRS qatarına ilişdik. Bəzən təmaslar, bəzən də səhvlər oldu və həmişə aşağı yerlərdə finiş gördük. Məsələn, Yaponiyada 11-ci olduq. Ancaq sıralanmadan sonra dediyim kimi birinci sessiyada 3 dəst təkər istifadə etdik. Bu hal bizim çətin vəziyyətdə olduğumuzu göstərir. Yenə də təslim olmuruq. Növbədə İmola yarışı var və orada daha yaxşı nəticə qazanmalıyıq.
İnkişaf barədə nəsə bilmirəm. Sükan arxasında əlimdən gələni edirəm. Bunu komanda rəhbərliyindən soruşmalısınız. Onlar planlaşdırılan işdən xəbərdardılar. Doğrudan da çox işləyirlər. Biz də onlara dəstək veririk. Ancaq hər həftə yeniliklər barədə danışa bilmirik, çünki bütün məlumatlara sahib deyilik.
Yaxşı keçən həftəsonunda da xal alacağımıza inanmıram. Yaponiyada qüsursuz yarışdım, amma 11-ci yeri tutdum. Ciddə də çox yaxşı idi. Daha əvvəl dediyim kimi – il ərzində 3 ya da 4 fürsətiniz olur. Hər şeyin xaotik olduğu və xal alma ehtimalı olan yarışların üçü artıq geridə qalıb. Biri Avstraliyada idi. Orada səhv etdim. Çində 3-4 maşın diskvalifikasiya olundu, amma startda əyləclərim yandığı üçün mübarizəni vaxtından əvvəl dayandırdım. Mayamidə sprintdə isə tras qurusa da, biz keçid təkərləri ilə davam etdik. Mənim üçün xal ehtimalı olan 3 yarışı əldən verdik. Bir ya da iki fürsətimiz də olacaq. Ümid edirəm onları əldən vermərəm.
İmoladakı yeniliklər barədə məndən yox, idarəçilərdən soruşun”.
Şərh əlavə et