Xəbəri Kokpitdə Oxuyun!

Mayamidəki LEGO maşınları necə istehsal olundu?

Mayami Qran Prisindən əvvəl sürücülər paradı üçün LEGO Formula 1 maşınlarından ibarət olan dəstə hazırlayıb. 

Kokpit.az xatırladır ki, Mayami Qran Prisindəki sürücü paradı Formula 1 tarixində uzun illər unudulmayacaq. Paradda sürücülər pikap maşınının arxasında yox, LEGO-dan yığılmış, tamölçülü və sürülə bilən Formula 1 maşınlarında iştirak ediblər. 

Lyuis Həmilton paraddan sonra LEGO maşınları ilə bağlı bunları deyib: “Bu indiyə qədər gördüyüm ən əyləncəli parad idi”.

Maks Ferstappen isə zarafatyana fprmada bunları deyib: “Trası süpürməlidirlər, çünki çoxlu LEGO qırıntısı var”.

Əslində LEGO şirkəti bu layihəyə bir il əvvəl başlayıb. Şirkət son bir il ərzində Praqanın yaxınlığında yerləşən Kladno qəsəbəsindəki fabrikdə əsl bolid ölçülərində olan bu maşınları düzəldib və bunun üçün tonlarla LEGO parçalarını birləşdirib.

LEGO-nun baş mühəndisi Martin Smida bu barədə bunları deyib: “Bunun 2026-cı ildə mümkün olacağını düşünmüşdük. Ancaq Formula 1 və LEGO mömkünsüzü bacarmaq üçün əllərindən gələni etdilər”.

Paraddakı maşınlar dümək olar ki, 1:1 miqyaslıdır və onları düzəltmək üçün 400 min LEGO parçasından istifadə olunub. 1000 kiloqram ağırlığı olan replika maşınların hər detalı düşünülüb: Pirelli təkərləri, sponsor loqotipləru, aerodinamik əyriliklər gözəl formada dizayn edilib.

Lakin burada ən təsiredici məqam maşınların hərəkət etməsi idi. Bu maşınlar 20 km/saat sürətə çata bilir. Hər bir maşında iki oturacaq var idi və komandaların hər iki sürücüsü birlikdə maşına minə bilirdilər.

LEGO şirkəti bu maşınların yığılması üçün 26 nəfərdən ibarət dəstə yığıb: Dizaynerlər, mühəndislər və təcrübəli LEGO komandası bu maşınları yığmaq üçün 22 min saatdan çox vaxt sərf ediblər.

LEGO-nun baş mühəndisi Martin Smida sonda bunları deyib: “Bütün ortaqlarımız, bütün iş yoldaşlarım və bütün Formula 1 komandaları mükəmməl işlədilər”.

Rauf Hacıyev

Şərh əlavə et