Sprint yarışına Kimi Antonelli pouldan başlamaq haqqı qazanıb. Sıralanma turunda Piastri ikinci, Norris üçüncü, Ferstappen dördüncü, Rassell beşinci, Lekler altıncı, Həmilton yeddinci, Elbon səkkizinci, Hacar doqquzuncu, Alonso 10-cu yerləri tutublar.
Sprint yarışından əvvəl Mayami trasına yağış yağıb. Buna görə də yarış başlamamış insidentlər də başlayıb. Şarl Lekler trasa çıxən düzülüşə gələn zaman qəza edib və mübarizəni yarış başlamamış dayandırmalı olub.
Yarışın startı isə təhlükəsizlik maşınının arxasında verilib. Lakin sürücülər təhlükəsizlik maşınının arxasında bir neçə dövrə vurduqdan sonra qırmızı bayraqlar çıxıb və pitə yönləniblər.
Yenidən TM arxasında trasa çıxılıb və yerindən start elan edilib. Piastri hücum edərək Antonellini sıxışdırıb, Kimi dördüncü yerə qədər geriləyib və Piastridən şikayətlənib. Lakin stüardlar bunu yarış insidenti hesab ediblər.
Sayns Okona hücumlar edib, lakin Esteban keçilsə də yerini qoruya bilib. Tras quruyub və sliklərə ilk keçən sürücü Tsunoda olub. Onu növbəti dövrədə Həmilton, Stroll və Sayns izləyiblər, daha bir dövrə sonra isə Ferstappen, Antonelli və bir neçə sürücü eyni addımı atıb.
Ferstappen trasa ehtiyatsız buxarılıb və Antonelli ilə toqquşaraq qanadını zədələyib. Buna görə Maksa 10 saniyəlik cəza verilib. Sayns divarla təmas edib və arxa təkəri çıxıb. Norris, Hacar və Okon keçid təkərlərində qalıblar.
Alonsonun qəzası TM-a səbəb olub ki, bu da pit-stop etməmiş sürücülərə sərf edib.
Lando Norris sprintin qalibi olub, Oskar Piastri isə ikinci yeri tutub. İlk üçlüyü Lyuis Həmilton bağlayıb. Maks Ferstappen dördüncü olsa da, verilən 10 saniyəlik cəzaya görə sonuncu yerə yuvarlanıb.
Qısa sprint yarışı gözlənilənlərin əksinə, olduqca maraqlı keçib. Növbədə isə həftəsonunun əsas yarışının start düzümünü müəyyən edəcək əsas təsnifat mərhələsi var. Bizi maraqlı mübarizə gözləyir…
Şərh əlavə et