Xəbəri Kokpitdə Oxuyun!

Builki növbəti sprint həftəsonu da ilkə şahid olacaq?

Bu il Çindən sonra növbəti sprint həftəsonundayıq. Əslində Mayami sprint sıralanma turunda yaşananlar bizə Çindəki sprint həftəsonunu xatırlatdı.

Mayami Qran Prisinin sıralanma turu builki növbəti ilkə imza atdı. Çində Lyuis Həmiltonun Ferrari ilə ilk sprint poulu və qələbəsi, eyni zamnda Ferrari tarixinin və Lyuis Həmiltonun ilk sprint qələbəsi, Oskar Piastrinin Çində ilk poulu. Bunlar bu il yaşanan ilklər idilər.

Çindən sonra mövsümdəki növbəti sprint yarış həftəsonu və növbəti ilk – Formula 1-də bu il debüt edən Kimi Andrea Antonelli karyerasının sprintdə də olsa, ilk poulunu qazandı. 18 yaşlı sürücü bununla da sprint sıralanma turunda poul alan ən gənc sürücü oldu.

Bəs italyan sürücü bu gün Lyuis Həmiltonun Çində etdiyi kimi sprint yarışını qazana biləcək? Əslində mümkündür. Hər şey gənc sürücünün startından asılı olacaq. Əgər qırmızı işıqlar sönən kimi o yerindən yaxşı tərpənsə, yarışı qazanmaq şansı artacaq, çünki Mayami şəhər tipli trasdır. Divarlar çox yaxın olduğu üçün burada ötmə etmək də çətindir. Üstəlik sprint yarışl ilə əsas sıralanma turu arasında 3 saat yarımlıq zaman var. Buna görə də hər hansı sürücünün edəcəyi bir qəza onların sıralanma turunda iştirakının qarşısını ala bilər. Buna görə də Kimi Antonelli yarışda yaxşı start alsa və təkərlərini tez yeməsə, yarışı qazanacaq, çünki heç kim əlavə 1 xala görə əsas sıralanma turunda iştirak etməyi riskə atmaq istəməz.

McLaren isə yenə komanda olaraq stabil idilər. Hər iki sürücü də üçlükdə yer ala bildi. Oskar Piastrinin növbəti dəfə Lando Norrisi qabaqlaması isə avstraliyalıları növbəti dəfə həyəcanlandırdı.

Maks Ferstappenə gəldikdə isə onun üçün gətirilmiş altlıq hələ də effektini göstərə bilmir. Bəlkə də sprint yarışından komanda yaxşı məlumatlar toplayaraq, əsas yarışa daha yaxşı hazırlaşar.

Corc Rassell isə bu il ilk dəfə komanda yoldaşından geridə qaldı. Lakin sıralanma turunun sonunda bildirdi ki, bu həftəsonu maşına öyrəşə bilməyib və fürsətləri dəyərləndirməyə çalışıb.

Ferrari-yə gəldikdə isə Mayamiyə yenilik gətirməyən iki komandadan biri idi. Buna görə də geridə qalmaları surpriz deyil. Sözün düzü, bu gün yarışda da onlardan yaxşı nəticə gözləmirəm.

Belə, bizi maraqlı sprint yarışı gözləyir. Bu il Çindəki sprint yarışı da daxil olmaqla 6 yarış sessiyasının 5-də pouldan başlayan sürücü qalib gəlib. Bəs Kimi Antonelli bu ənənəni davam etdirə biləcək?

Rauf Hacıyev

Şərh əlavə et