Xəbəri Kokpitdə Oxuyun!

Antonellidən sürpriz poul!

Mayami sprint həftəsonuna ev sahibliyi edir. Sürücülər Piastrinin lider olduğu yeganə məşqlərdən sonra mini-yarışın start düzülüşünü müəyyən etmək üçün mübarizəyə qoşulublar.

Pirelli bura C3, C4 və C5 təkərlərini gətirib. Havanın temperaturu məşq vaxtındakı ilə müqayisədə startda daha yuxarı olub, sonra isə tədricən azalıb.

İlk sessiyada hamı Medium təkərlərlə trasa çıxıb. Tıxac bir çox sürücüyə mane olub. Rassellin hamıdan fərqləndiyi sessiyada ən zəif 5 nəticəni göstərərək mübarizəni dayandıranlar Berman, Bortoleto, Tsunoda, Duhan və Stroll olublar.

İkinci sessiyada da hamı Medium təkərlərlə mübarizəni davam etdirib. Əvvəlcə Piastri, sonra Ferstappen, yekunda isə Norris ən yaxşı nəticənin sahibi olub. Səhvə yol verən Qasli və Saynsla yanaşı, Louson, Okon və Hülkenberq üçün mübarizə başa çatıb.

Son sessiyada əksər sürücü ilk cəhdinə çıxmayıb. Yalnız Ferstappen və Rassell sürətlərini nümayiş etdiriblər. Bir-birini əvəzləyən ardıcıl sürətli dövrələrin yekununda Kimi Antonellinin dövrəsi ən yaxşı olub.

Mercedes-in debütantı Andrea Kimi Antonelli Formula 1 tarixində ən gənc poul sahibi olub, baxmayaraq ki, bunu əsas yarışın yox, sprint yarışının sıralanma turunda edib. Sabah onunla ön sıranı Oskar Piastri bölüşəcək. Lando Norris və Maks Ferstappen isə ikinci cərgədən yarışa başlayacaqlar.

Elçin Zodorov

Şərh əlavə et