Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Xırda səhvlərə görə poulu itirdik

McLaren komandasının rəhbəri Andrea Stella sprint sıralanma turundan sonra bildirib ki, kiçik səhvlərlə poulu əldən veriblər. 

Kokpit.az xatırladır ki, Oskar Piastri Mayami Qran Prisinin sprint sıralanma turunda pouldakı Kimi Antonellidən 0.045 saniyə geridə qalaraq, ikinci olub. Lando Norris isə Kimidən 0.1 saniyə geridə qalaraq, üçüncü yeri tutub. 

Andrea Stella sıralanma turundan sonra Kimi Antonelliyə təriflər yağdırıb: “Soft təkərlərlə çox güclü dövrə vurdu. Belə gənc sürücünün poul qazanması doğrudan da təsiredicidir”.

McLaren komandasının sürücüləri son sessiyaya çıxdıqda sadəcə bir dəst Soft təkərləri qalmışdı. Buna görə də onlar bir cəhd edə biliblər. Andrea Stella bildirib ki, bir cəhdləri olduğu üçün səhv etməkdən qorxublar:  “Lando və Oskarın son cəhdlərində xırda səhvlər var idi. Bu kiçik səhvlərə görə poulu əldən verdik. Yenə də yarışa ilk cərgədən başlayacağıq və bu yaxşı nəticədir.

Təkər qızdırma cəhətdən hər şey nəzarətdə idi. Bolidlər arasındakı məsafə də yaxşı idi. Strategiyamızda da problem yox idi. Sadəcə olaraq biz dövrəni tamamlamağa köklənmişdik, çünki limitləri sona qədər istifadə edərkən səhv edib geridə qalmaq istəməzsiniz”.

Lando Norris son cəhdində ilk sektorda pis çıxış edərək vaxt itirdi. Əksəriyyət düşündü ki, britaniyalı sürücü bunu edərək, birinci sektorda təkər qoruyub və son sektorda sürətli olmağa çalışıb. Lakin Andrea Stella bunu təkzib edib: “Bunu bilərək etmədik. Xüsusən də son cəhdində ilk döngəni yaxşı döndü, amma sürətli döngələrdə bir az vaxt itirdi. Tək dəst təkərlə hər döngəni mükəmməl dönmək çətindir”.

Sonda Andrea Stella əlavə edib ki, Mercedes və Red Bull onlara çox yaxındır: “Hər şey balansdadır. Mercedes sürücüləri və Maks Ferstappen hətta Ferrari sürücüləri belə yarış tempində çox güclüdürlər. Bizi əyləncəli və rəqabətədavamlı sprint yarışı gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et