Xəbəri Kokpitdə Oxuyun!

Yeni yanacaqlar 10 dəfə baha olacaq?

Formula 1 gələn ildən etibarən tamamilə ekoloji yanacağa keçəcək. Amma bu yeni nəsil yanacaqların maliyyəti komandaların narahatlığına səbəb olub.

Son məlumatlara görə gələn il istifadə olunacaq ekoloji yanacaqlar builki yanacaqlardan on qat baha olacaq.

Xarici mətbuatın verdiyi xəbərə görə bu qiymət artımı Cenevredə keçirilən Formula 1 Komissiyasının iclasında gündəmə gəlib. İclasa qatılan komandalar 2026-cı ildəki sintetik yanacağın maliyyətindən narahat olduqlarını açıq formada bildiriblər.

Hazırda Formula 1-də fərqli istehsalçıların təmin etdiyi yanacaqların qiyməti 22-33 dollar aralığındadır. Ancaq gələn ildən qiymətlərin 170-225 dollar arasında olması gözlənilir. Üstəlik bu qiymətlər bugünkü hesablamalara görədir. Komanda rəhbərlərindən biri bildirib ki, sintetik yanacaqların daha yaxşı olması üçün araşdırma və təkmilləşdirmə işləri aparılacaq. Bununla da ekoloji yanacağın litrinin qiyməti 300 dollara yüksələcək.

Bu qiymət artımı komandaların büdcələrinə də mənfi yöndə təsir edəcək. Bəzi proqnozlara görə komandalar 24 yarışlıq təqvimdə yalnız yanacaq üçün 1.9-2.4 milyon dollar pul xərcləyəcək. Hər yarış həftəsonunda bu xərclər 80-100 min dollar arasında dəyişəcək.

Yeni reqlament hazırlanan zaman FİA büdcə və loqistika xərclərini büdcə limitindən çıxarmışdı. Yəni ki, bu xərclər büdcə limitinə daxil edilmir. Lakin bu hal komandaların maliyyə çətinliklərini aradan qaldırmır.

FİA komandaların bu narazılığını diqqətə alacaq. Hazırda problemin həll yolları axtarılır. Bu alternativlərdən biri 2027-ci il mövsümündən etibarən yanacağın bəzi komponentlərini standart hala gətirməkdir. Bununla da istehsalçılar ekoloji qatqı maddələrini təkmilləşdirə biləcəklər. Ancaq bu ideya hələ təsdiqlənməyib.

Rauf Hacıyev

Şərh əlavə et