Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” mövsümə yaxşı başlamayıb. Buna görə də çempionatda iddialarını davam etdirmək üçün yeniliklər gətirirlər.
Maks Ferstappen Mayami Qran Prisində yeni altlıq paketi ilə yarışacaq. Bu yenilik hesabına komanda bolidin balansını yaxşılaşdırmağı və qeyri-stabil performans problemini aradan qaldırmağı hədəfləyir.
Niderlandlı sürücü mövsümün ilk 5 yarışından sonra bir qələbə qazanıb və çempionatda lider Oskar Piastridən 12 xal geridə qalaraq üçüncü yerdə qərarlaşıb.
Red Bull komandası bolidin aerodinamik balansı və altlıq davranışında çox problem yaşayır. Səudiyyə Ərəbistanındakı yeniliklər gizli saxlanılmış və sadəcə motor qapağındakı havalandırma dəlikləri ilə arxa tərəfdəki dəyişikliklər kənardan hiss olunmuşdu.
Komandanın mühəndisləri, xüsusən də Pyer Vaşe RB21-in kiçik sazlanma dəyişikliklərinə qarşı həssas reaksiya verdiyini anlayıb. Bu səbəbə görə sürücülər boliddən stabil performans ala bilmirdilər. Buna görə də İmolada daha böyük yenilik paketinin gətirilməsi planlaşdırılır.
Saydpod profilləri, vertikal hava yönləndiricilər və arxa gövdə formu bu paketdə köklü formada dəyişdiriləcək.
Mayami üçün hazırlanan altlıq paketi əslində Ciddədə istifadəyə hazır idi. Ancaq mühəndislər effektini daha yaxşı təhlil etmək üçün bir yarış həftəsonu gözləməyə qərar vermişdilər.
Mayamidə sprint həftəsonu olduğu üçün məlumat toplamaq çətin olacaq. Buna baxmayaraq komanda riskə gedəcək. Red Bull-un bu yenilikləri onları çempionatda daha yaxşı vəziyyətə gətirmək üçün çox vacibdir. Buna görə də Mayami Qran Prisi Red Bull üçün qırılma nöqtədi ola bilər.
Şərh əlavə et